Rusiya Futbol İttifaqı (RFS) "Ximki"nin səhmdarı olmuş azərbaycanlı iş adamı Tufan Sadıqovun futbol fəaliyyətindən uzaqlaşdırılması qərarının bütün dünyaya şamil olunması üçün FIFA-ya müraciət edəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə RFS prezidenti Aleksandr Dyukov açıqlama verib.
O, noyabrın 7-də qəbul etdikləri qərarın hər yerdə tətbiqi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib.
Dyukov bundan ötrü hüquqi prosedurlara bir müddət lazım gələcəyini də əlavə edib. RFS prezidenti yaxın vaxtlarda müvafiq sənədləri FIFA-ya göndərəcəklərini diqqətə çatdırıb.
Qeyd edək ki, "Ximki" 2024/2025 mövsümündə Rusiya Premyer Liqasında 12-ci yeri tutsa da, maliyyə problemləri üzündən cari mövsüm çempionatda iştirak lisenziyası ala bilməyib. Moskvaətrafını təmsil edən klub sentyabrda bankrot elan olunub.
Bu yay Tufan Sadıqovun Türkiyə "Serikspor"u ilə əlaqələrinə dair xəbərlər yayılıb. Həmin vaxt komandaya baş məşqçi təyin olunmuş Sergey Yuran oktyabrda istefa verib. Klubun oyunçulara və məşqçilər heyətinə əmək haqqı ödənişini dayandırdığı bildirilir.














































































