2025-ci ildə Azərbaycan çempionu “Qarabağ” futbol dünyasını uğurları ilə yenidən təəccübləndirdi. Çempionlar Liqasındakı oyunlardan sonra Ağdam təmsilçisinin futbolçularına xarici klubların marağı xeyli artıb. Yaponiya, BƏƏ, Almaniya, İspaniya və digər ölkələrdən təkliflər alan oyunçulardan biri də Polşa millisinin qapıçısı Mateuş Koxalskidir.
2024-cü ilin yayında “Qarabağ”a transfer olunan qolkiper üçün Azərbaycana köç həyatda ciddi dəyişikliklər yaradıb. "Region Plus" qış fasiləsi günlərində Mateuş Koxalski ilə görüşərək onun karyerası, arzuları və Azərbaycan təəssüratları barədə söhbət edib. Sportnet.az həmin müsahibəni təqdim edir:
– 2025-ci il başa çatır. Karyeranız baxımından bu ili necə qiymətləndirirsiniz?
– Düşünürəm ki, il uğurlu alındı, amma özümə 100 faiz razı deyiləm. Daha yaxşı oynaya biləcəyim epizodlar oldu. Bununla yanaşı, qürur duyduğum anlar da az deyildi.
– Azərbaycandan gözləntiləriniz doğruldumu?
– Müəyyən qədər bəli. Azərbaycan çox maraqlı ölkədir. Xüsusilə paytaxtın təhlükəsizliyi və təmizliyi məni xoş təəccübləndirdi.
– Çempionlar Liqasında oynamaq hər futbolçunun arzusudur. Bu arzu reallaşdıqdan sonra növbəti hədəfiniz nədir?
– Məqsədim hər gün daha da inkişaf etmək, Avropanın top klublarında çıxış etmək və Polşa millisində debüt etməkdir.
– “Qarabağ”da kimlə adaptasiya daha asan oldu?
– Ən yaxın münasibətim Aleksey Kaşukladır. İlk gündən aramızda yaxşı əlaqə yarandı və daha çox vaxtı onunla keçirirəm. Amma ümumilikdə komandada hər kəslə münasibətim çox yaxşıdır.
– Bakı həm böyük, həm də kiçik şəhər təsiri bağışlayır. Tanınma sizə kömək edibmi?
– Çempionlar Liqasından sonra şəhərdə sakit gəzmək çətinləşib, tez-tez şəkil çəkdirmək istəyirlər və bu çox xoşdur. Bir dəfə valideynlərim şəhər mərkəzində mağazada pulsuz hədiyyələr alıblar. Doğrusu, çox təəccübləndim.
– Azərbaycan mətbəxindən hansı yeməkləri bəyənirsiniz?
– Çox seçiciyəm, amma klubda bişirilən şorbaları sevirəm. Bir də paxlava – ən sevdiyim desertdir, ona qarşı durmaq çətindir.
– Azərbaycanda sizi ən çox nə təəccübləndirdi?
– İnsanların mehribanlığı və kömək etməyə hazır olmaları. Mənfi tərəf kimi yol hərəkətini qeyd edə bilərəm – bəzən qaydasız yarışmaya bənzəyir.
– Azərbaycan Premyer Liqasının səviyyəsini necə qiymətləndirirsiniz?
– Ən çətin rəqiblər “Zirə” və “Sabah”dır. Güclü futbolçuları və yüksək motivasiyaları var. Ümumilikdə liqanın hər mövsüm inkişaf etdiyini görmək mümkündür.
– Hansı Çempionlar Liqası oyunundan razı qaldınız, hansından yox?
– “Ferentsvaroş”la cavab oyunundan razıyam. Məğlub olsaq da, mərhələ adlamağımıza kömək etdim. Ən narazı qaldığım oyun isə ötən mövsüm Avropa Liqasında “Tottenhem”ə qarşı matç idi.
– Baş məşqçi Qurban Qurbanovun çox tələbkar olduğu deyilir. Bu doğrudurmu?
– Bəli, o, çox sərt və tələbkar məşqçidir. Amma məhz buna görə “Qarabağ” bu səviyyədə çıxış edir.
– Klubu təmsil edən Ağdam şəhəri haqqında nə bilirsiniz?
– Komanda ilə birlikdə şəhərə səfər etmişik. Tarixini dərindən bilməsəm də, müharibə və həyatını itirən insanlar barədə eşitmişəm. Bu həm çox gözəl, həm də çox kədərli hekayədir.
– Hansı liqada oynamaq arzusundasınız?
– Ən böyük arzum İngiltərə Premyer Liqasıdır. Amma futbol kompüter oyunu deyil. Avropanın top-5 liqalarından birində çıxış etsəm, xoşbəxt olaram.
– Qapıçılar arasında kumiriniz varmı?
– Bəli, uşaqlıqdan kumirim Artur Boruts olub.
– Sosial şəbəkələr həyatınızda hansı rolu oynayır?
– Minimum. Mənim üçün real həyatda yanımda olan insanlar daha vacibdir.
– Sonda 2026-cı il üçün arzularınız nədir?
– İdman baxımından Polşa millisində debüt etmək. Amma ən önəmlisi hamının sağlam və xoşbəxt olmasıdır.















































































