"Qarabağ" klubu Marko Yankoviçlə bağlı Yunanıstan "Panatinaikos"unun təklifini növbəti dəfə rədd edib.
Sportnet.az "Daily Sabah" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə bağlı gələn rəsmi dəvət qəbul olunmayıb.
Uzun müddətdir “Panatinaikos”un maraq dairəsində olduğu deyilən monteneqrolu legioner son üç mövsümdür Ağdam klubunda çıxış edir. Yankoviç bu mövsüm 20 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Qarabağ”la müqaviləsinin bitməsinə 1,5 il qalıb.
Yankoviç eyni zamanda Monteneqro milli komandasının da daimi üzvlərindən biridir və yığmanın heyətində 56 oyun keçirib.
“Panatinaikos”un təklifi rədd edilsə də, futbolçunun “Qarabağ”dakı gələcəyi tam müəyyənləşmiş hesab edilmir. Nəşrin məlumatında qeyd olunur ki, klub rəhbərliyi Yankoviçin mövqeyindən narazıdır və onun diqqətinin daha çox mümkün transferə yönəldiyini düşünür.















































































