Ukraynalı baş məşqçi Yuri Vernidubun “Neftçi” ilə müqaviləsində xüsusi bənd saldırması Rusiyada ciddi isterik reaksiyaya səbəb olub.
Sportnet.az xəbər verir ki, Rusiya mətbuatı məsələni siyasi kontekstdə təqdim edərək mövzunu geniş tirajlamağa başlayıb.
Moskva MOİK-inin və keçmiş SSRİ yığmasının sabiq üzvü Vladimir Ponomaryov "RİA Novosti"yə açıqlamasında Vernidubun şərtlərini kəskin tənqid edib. Onun sözlərinə görə, ukraynalı baş məşqçi “Neftçi”də çalışmaq üçün klubdan Rusiya ilə bütün əlaqələrin kəsilməsini tələb edib: “Əvvəllər deyirdilər ki, idman siyasətdən kənardır. İndi isə kimsə qəhrəman, vətənpərvər kimi görünmək istəyir və bildirir ki, onun klubunda ruslar olmamalıdır. Bu, iyrənc mövqedir”.
Rusiya mediası Vernidubun tələblərini “ultimatum” kimi təqdim edir. Həmin tələblərə Rusiya klubları ilə əməkdaşlığın dayandırılması, rusiyalı futbolçuların transferindən imtina və yoldaşlıq oyunlarının keçirilməməsi daxildir.
Mövzunu qızışdırmaq üçün Rusiyada tez-tez vurğulanır ki, Vernidub 2000-ci illərin əvvəllərində futbolçu kimi Sankt-Peterburq “Zenit”ində çıxış edib. Bu fakt onun hazırkı siyasi mövqeyinə qarşı arqument kimi önə çəkilir.
Qeyd edək ki, Yuri Vernidubun mövqeyi Ukrayna cəmiyyətində prinsipial yanaşma kimi qəbul olunsa da, Rusiyada bu açıqlamalar emosional reaksiya və açıq narahatlıq doğurub. Bu da məsələ ətrafında yaranan isterikanın əsas səbəbi kimi qiymətləndirilir.















































































