"Keçən il də qeyd etmişdim ki, futbolçularımın istirahətə ehtiyacları var. Ümumən pis istirahət etməyiblər. Sadəcə, bir neçə futbolçu xəstələnib. Toral Bayramov, Aleksey Kaşuku qeyd edərdim. Toral hələ komandaya qoşulmayıb, bu gündən fərdi qaydada məşqlərə başlayacaq. Kaşuk isə bizimlə bir-iki gün birlikdə olduqdan sonra xəstələndi. O da bu gündən kollektiv məşqlərə başlayacaq. Ümumilikdə pis dönməyiblər, istirahət ediblər, üzləri gülür. Yaxşı həvəslə məşq edir, hazırlaşırlar. Vəziyyət normaldır".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov keçirdiyi mətbuat konfransında deyib.
Daha sonra 54 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Çempionlar Liqasında növbəti rəqibiniz olan Almaniya "Ayntraxt"ı yanvarın 21-dək 3 rəsmi oyun keçirəcək. “Qarabağ”ın isə qış fasiləsindən sonra ilk rəsmi oyunu "Ayntraxt"a qarşı olacaq. Gözləmək olardı ki, görüşün ağırlığını hiss etmək üçün qış toplanışında ən azı "Ayntraxt"a yaxın rəqiblərlə üz-üzə gələsiniz. Bunun üçün Birləşmiş Ərəb Əmirliklərinə getmək olardı. Amma nə "Neftçi Fərqanə" Özbəkistan, nə də "Zaqlembe" Polşa çempionudur. Nəyə görə “Ayntraxt”a yaxın rəqiblər seçmədiniz? Dubaya, Əbu Dabiyə getməmək maliyyə ilə əlaqədardır, yoxsa futbolçuları psixoloji basqı altında saxlamamaq üçündür?
- Maliyyə ilə bağlı heç bir problem, sıxıntı yoxdur. Sadəcə, ilboyu belə rəqiblərlə oynamışıq. İyundan bəri rəqiblərimizin gücü və səviyyəsi demək olar ki, eyni olub. Belə bir komandalara qarşı 90 dəqiqə oynamağa bu günlərdə hazır deyilik. Amma ümumilikdə qarşımızdakı rəqiblər də düşündüyünüz qədər qeyri-ciddi deyil, ciddidirlər. Sadəcə, "Ayntraxt"la matçadək 90 dəqiqə davam edən cəmi bir oyunumuz olacaq. Böyük ehtimalla, "Neftçi Fərqanə" ilə görüşdə hər futbolçumuz bir hissə oynayacaq. Belə bir fikrimiz var. Amma "Zaqlembe"yə qarşı 90 dəqiqəlik mübarizə nəzərdə tutulub. Bu da bəzi futbolçuların hazırlığından asılı olacaq. Elə də böyük vaxt itirməmişik ki, birdən-birə o rəqiblərə qarşı oynamaq üçün həm əlavə güc, həm də enerji sərf edək. Ona görə də hazırlıq planımızda problemin olmayacağını düşünmürəm. Sadəcə, mövsümün sonunda yorğunluq və psixoloji gərginlikdən irəli gələn əyər-əskiklərimiz var idi. Bəzi detallarda bir az intizamsızlıq var idi. Onları aradan qaldırmaq istəyirik. Bunları qaydasına salmaq üçün oyundan çox məşqlərə ehtiyacımız var idi. 15-20 gündə futbolçu öz idman formasını elə də çox itirmir. Çünki həm fəal istirahət ediblər, həm də bu günlərdə onların sağlamlıqlarını, güc və hazırlıqlarını geri qaytarmağımız lazım idi. İnanmıram ki, başqa bir sıxıntımız olsun.
- “Qəbələ” ilə oyundan sonra zənglərin sayı artıb ya azalıbmı?
- (gülür - red.) Davam edir. Amma yoluna qoymağa çalışırıq. Yenə deyirəm: Hər bir futbolçunu başa düşmək olar. İradım futbolçulardan çox həmin o edilən zənglərədir. Çünki bir var ki, bir futbolçu ilə bir nəfər danışır, bir də var, hərə bir tərəfdən danışır, vasitəçilik etmək istəyirlər. Sanki bunlar futbolçunun gələcəyini düşünənlərdir. Belə deyək: Bir insanın bir ağası olar. Çoxlu fikir hər tərəfdən mane olur. Məni narahat edən bu amillərdir. Yenə də zənglər davam etsə də, artıq hər şey qaydasına düşür. İnanıram ki, bunlar komandamıza elə də təsir etməyəcək.
- Marko Yankoviçlə bağlı hazırkı durum necədir?
- Normaldır, hazırlaşır.
- Getmək, ayrılmaq variantı var?
- Məndə hələlik belə bir məlumat yoxdur.
- Zənglər yerli futbolçulara da aiddir? Onlara nə dərəcədə maraq var?
- Maraq hamısına var. Bəlkə də çoxu elə azərbaycanlı futbolçularadır. Yerli agentlərin də sayı çoxalıb. Onlar da kənardan zənglər edir, maraqlanırlar. Daha çox yerli futbolçularımızı narahat edirlər. Onların gələcəklərini düşünən agentlər, dostları, ətrafları daha çoxdur.
- Sualı konkretləşdirək: Bu ay ərzində komandadan gedən və ya gələn olacaqmı?
- Hələ ki konkret danışıq apardığımız, kiminsə getməsi, gəlməsi üçün fikir yoxdur.
- Mediada bu istiqamətdə çoxlu xəbərlər yayılır. "Qarabağ" bu gün hansı mövqeyə futbolçu axtarışındadır?
- Hər mövqeyə danışıqlar aparırıq. 2025-ci ilin sonlarında da bildirmişdim ki, hazırda ən çox iş saatını futbolçu transferlərinə ayırırıq. Xeyli sayda futbolçunu nəzərdən keçirir, baxır, danışıqlar aparırıq. Bu, həm qapı, həm müdafiə, həm yarımmüdafiə, həm də hücumçu mövqelərinə aiddir. Ümumiyyətlə, son vaxtlar durmuruq. Axtarışdayıq, danışıqlar gedir. Sadəcə, görək, danışıqlar hansı səviyyədə olacaq. Çox istəyirik ki, bəzi mövqelərdə oyunçu sayını artıraq. Buna ehtiyac var. Çünki biz keçən il həddindən artıq güc sərf etmişik. Mövsümboyu belə davam edərsə, futbolçuların həm gücü, həm də psixoloji hazırlığı çatmaz. İşimizi bu səviyyədə qoruyub saxlamaq və davam etmək istəyiriksə, bizə çox vacibdir ki, mövqelər üzrə oyunçuların sayı çoxalsın. Özü də normal səviyyədə. Həm oyunumuzun, həm də məşqlərimizin daha da keyfiyyətli keçməsinə ehtiyacımız var.
- Çempionlar Liqasında pley-offa vəsiqə qazanmağınız planlarınıza təsir edə bilərmi?
- Biz planımızı ona görə qurmamışıq. Məsələyə hazırkı situasiyada "Ayntraxt"a qalib gəldik və ya məğlub olduq kimi fikirlərlə yanaşmamışıq. Belə bir düşüncəmiz olsaydı, əsas mərhələyə vəsiqə qazananda daha artıq addım atardıq. Bunu istəyirdik, əsas mərhələyə düşdüyümüz üçün deyil. Ümumilikdə bəzi dəyişikliklər etmək istəyirdik. Amma alınmadı, istədiklərimizi tam edə bilmədik. Hazırda transfer məsələsi elə bir həddə gəlib çatıb ki, futbolçu burda olaraq, imza atmasa, onu komandaya gətirdiyimizi deyə bilmərik. O qədər olub ki... Hətta qiyməti qaldırıblar, razılaşmışıq, sonra ikinci-üçüncü dəfə qaldırıblar. Sanki bizimlə "oynayıblar". Görüblər ki, istəyirik, son anda "özümüzə lazımdır" deyərək, gəlişinə icazə verməyiblər. Belə hallar çox olub. Buna görə də məsələnin ona heç bir aidiyyatı yoxdur. Ən azından, hazırkı futbolçularımızla bu səviyyəyə gəlib çıxmışıq. Zatən, əsas mərhələni keçsək də, iştirak ərizəmizə çox da futbolçu sala bilməyəcəyik. Çünki elə də böyük limit vermirlər. İstənilən halda, dəyişiklik etmək istərdik. Amma bu, əlimizdəki futbolçulardan narazı olmağımızdan irəli gəlmir. İnanmıram ki, futbolçularımız da belə düşünsünlər. Bu addımları işimizi daha da yaxşılaşdırmaq üçün atmaq istəyirik.
- Yenidən Çempionlar Liqasına düşmək üçün çempion olmaq lazımdır. Lakin hazırda “Qarabağ” Azərbaycan Premyer Liqasında ikinci yerdədir. Buna görə narahatlığınız varmı və birinci pilləyə qayıtmaq üçün hansı addımlar atmağı düşünürsünüz?
- Bu, normal prosesdir. Məndə hər mövsüm narahatlıq olub. Əsas rəqibimiz istər "Sabah", istər "Neftçi", istərsə də "Zirə" və digərləri olsun. Rahatlıq çempionluğu təmin etdikdən sonra olub. Bu komandalar iddialıdırlar, istək və həvəsləri həddindən artıq çoxdur. Hər bir komandamızın uğruna sevinirik. Azərbaycan çempionatında istənilən yenilik futbola əlavə sevgi, əlavə kütlə və qüvvənin ölkə futboluna verəcəyi güc deməkdir. Amma əlbəttə, iddiamızdan əl çəkmirik. Yenidən çempion olmağa şansımız varsa, sonadək vuruşacaq, mübarizə aparacağıq. Heç bir kluba "hər il çempion olmalısan" deyilmir. Futbolda belə bir qanun yoxdur. İstənilən çempionatda lider, çempion dəyişə bilər. Biz bunu böyük liqalarda da görürük. Bu, o demək deyil ki, bu il “Qarabağ”, "Barselona", “Real Madrid” və ya "Mançester Siti" çempion olmadısa, gələn il öz iddiasından əl çələcək. Sadəcə, daha ciddi, daha diqqətli olmalıyıq. Çünki çox gərgin çempionat keçir və çox ciddi, iddialı, inkişaf etmiş və gələcəyi planlaşdıran rəqiblər var. Biz buna yalnız sevinirik.
- Çempionluğu uduzduğunuz mövsümdəki "Neftçi" daha təhlükəli idi, yoxsa indiki rəqibiniz "Sabah"?
- Bu barədə fikir bildirməyim düzgün olmazdı. Özüm istərdim ki, biz daha təhlükəli olaq. Amma ümumilikdə istək həm ovaxtkı "Neftçi"də çox idi, həm də indiki “Sabah”da çoxdur. Hamı avrokuboklarda oynamaq istəyir. Hazırda futbolçularımız özlərinə gəlirlər. Amma son aylarda, ola bilsin, rəqiblərin istəkləri bizdən daha çox idi. Çünki gərgin mövsüm keçirmişdik. Hər 3-4 gündən bir oyunlar, futbolçuların psixoloji yorğunluqları, Çempionlar Liqasındakı ardıcıl 2 oyunda məğlubiyyətdən sonra bizə olan basqılar futbolçulara çox təsir etmişdi. Bu amil ümumi enerjimizi aşağı salmışdı, psixoloji cəhətdən hazırlığımızda eniş yaşanırdı. Bununla yanaşı, “Sabah” həm oyunu ilə seçilir, həm də sabahı düşünərək iş qurub. İdman prinsipləri baxımından bizim üçün təhlükəli olsa da, Azərbaycan futbolu adına sevinirəm ki, qarşımızda belə bir iddialı komanda var. Eləcə də "Neftçi", "Zirə" və digərləri... Sanki çempionatdakı bütün komandalar iddialıdır. Təkcə yer tutmaq baxımından yox, "Qarabağ", "Sabah" və "Neftçi"yə qalib gəlmək üçün.
- Özünüzlə bağlı üç arzunuz nədən ibarətdir?
- Hamısı futbolla bağlıdır. Həmişə arzum olub ki, futbolda sizlərin, azarkeşlərin inamını itirməyim. Şərt deyil ki, çempion olaq, kuboku qazanaq və Çempionlar Liqasının əsas mərhələsinə yüksələk. Sadəcə, mənə qarşı inam, güvən həmişə qalsın. Bu, mənim üçün həmişə çox böyük amil olub. O ki qaldı şəxsi həyata, bu barədə danışmağı çox da xoşlamıram. O, başqa bir yer, başqa bir aləmdir. Ona görə də hər yerdə istərdim ki, güvənim itməsin.
- Qış fasiləsində siz də futboldan uzaq qalmağı bacara bildinizmi?
- Futboldan uzaq qalmaq mümkün deyil. Hara getsəm, yenə futbolu, son vaxtlar məğlubiyyətləri müzakirə edirdilər. İstər yaxınlarım olsun, istərsə də dostlarım. Bir neçə nəfəri çıxmaq şərtilə. Onlar məni başa düşən 3-4 nəfərdir. Saylarının çox olduğunu deməzdim. Qalanları isə (gülür - red.)... "Filankəsi niyə dəyişmədin", "filankəs niyə belə oldu", "o, niyə belə oldu"... Yarızarafat, yarıgerçək də olsa, bunları bildirirdilər. Əfsuslar olsun ki, bunlardan qaça bilmədim. Başlayanda "Düzünü sən daha yaxşı bilirsən" deyirdilər, amma sonra "Filan şeyi niyə belə elədin?" sualı verirdilər. Bu, adət-ənənəyə çevrilib. Amma 3-4 nəfər ən yaxınım var ki, onlar ümumiyyətlə, bu barədə heç nə demirlər, daim yanımda olur, mənə motivasiya verirlər. Qaldı ki, istirahətimə, inanın ki, futbolçularım sağlam qayıdırlarsa, hər bir məşqdə sağlam və istəkli olurlarsa, bu, mənim üçün istirahətdir. Özüm nə qədər istirahət etsəm də, gəlib görsəm ki, məşqim, futbolçularım yaxşı deyil, istirahətimin üstündən xətt çəkilir. Həmişə futbolun içində olmuşam, futboldan da kənar qalmağa qoymurlar. Ya tək gedib başqa yerdə olmalıyam, ya da bununla barışmalıyam.
- Renat Dadaşovun "Qarabağ"a təklif olunduğuna dair xəbərlər var idi. O məsələ niyə alınmadı?
- Xeyr, bizə təklif olunmayıb. Renat azərbaycanlı futbolçudur, milli komandanın üzvüdür. Amma hələ ki transfer siyahımızda yoxdur.
- "İmarət" stadionundakı ilk oyun Çempionlar Liqasının, yoxsa Azərbaycan Premyer Liqasının qarşılaşması olacaq?
- Öz tərəfimdən, o zamana kimi sağ qalmaq lazımdır. Məncə, stadion tam hazır olduqdan sonra baxmaq lazımdır ki, orada durum nə yerdədir. Fərqi yoxdur. Oradakı ilk oyunumuz, düşünürəm ki, Çempionlar Liqasının finalı kimi qəbul olunacaq.















































































