İspaniyanın “Real Madrid” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az "kral klubu"nun rəsmi saytına istinadən xəbər verir ki, istefaya göndərilmiş Xabi Alonsonu Alvaro Arbeloa əvəzləyib.
Arbeloa 2025-ci ilin iyunundan “Kastilya”nın baş məşqçisi olub və 2020-ci ildən bəri məşqçilik karyerasını “Real Madrid”in akademiyasında davam etdirib. O, 2020/2021 mövsümündə “Infantil A” komandasını La Liqa çempionluğuna aparıb, 2021/2022 mövsümündə “Cadete A”nı çalışdırıb, 2022–2025-ci illərdə isə “Juvenil A”nın baş məşqçisi olub. Arbeloa “Juvenil A” ilə 2022/2023 mövsümündə Liqa, Kral Kuboku və Çempionlar Kubokundan ibarət treblə imza atıb, 2024/2025 mövsümündə isə çempionluq qazanıb.
Futbolçu kimi Arbeloa “Real Madrid”in tarixində ən uğurlu dövrlərdən birində çıxış edib. O, 2009 – 2016-cı illərdə Madrid klubunun formasını 238 rəsmi oyunda geyinib və 8 titul qazanıb: 2 Çempionlar Liqası, 1 Klublararası Dünya Çempionatı, 1 UEFA Superkuboku, 1 İspaniya çempionluğu, 2 Kral Kuboku və 1 İspaniya Superkuboku.
İspaniya millisinin də şərəfini qoruyan Arbeloa tarixi bir dövrün üzvü olub. O, millinin heyətində 2010-cu ildə dünya çempionu, həmçinin 2008 və 2012-ci illərdə Avropa çempionu adını qazanıb və yığmada 56 oyun keçirib.















































































