"Qəbələ" klubu qış fasiləsində daha bir legioner transfer edəcək.
Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" hazırda sol cinah müdafiəçisi mövqeyinə oyunçu axtarır.
Bu mövqedə yerli futbolçu qıtlığı yarandığından diqqətlər xarici ölkələrə yönəlib.
Klub son olaraq, braziliyalı Kajunu transfer etməyə çox yaxın olub. 30 yaşlı müdafiəçi yanvarın 9-da Kipr "Aris"i ilə yollarını ayırdıqdan sonra klubsuz qalıb. O, əvvəllər Braziliyanın "Santos" və "Qoyas", Kiprin APOEL, Portuqaliyanın "Braqa" komandalarında çıxış edib. 2019-cu ildən müqavilə üzrə "Braqa"ya məxsus olmuş futbolçu 2022-ci ilin iyulunda "Aris"ə birdəfəlik transfer olunub.
Kaju Braziliyanın U-20 yığmasında da çıxış edib. O, 2015-ci ildə Cənubi Amerika çempionatında 8, dünya çempionatında isə 3 oyunda forma geyinib.
"Qəbələ" ilə Kaju arasında danışıqlar bir müddət davam edib. Lakin "sambaçı" son anda "qırmızı-qaralar"a keçməkdən imtina edib. Bu qərarda komandanın əyaləti təmsil etməsi və məşqlərini paytaxtda deyil, öz meydançasında keçirməsi də təsirsiz ötüşməyib.
Qeyd edək ki, "Qəbələ" qış transfer dönəmində seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay + 1 illik, nigeriyalı hücumçu İsmaheel Akinade ilə 1.5 illik müqavilə bağlayıb.











































































