"Kəpəz"in sabiq futbolçusu və baş məşqçisi Azər Məmmədovun Sportnet.az-a müsahibəsi
- "Kəpəz"in hazırkı durumunu necə dəyərləndirərdiniz?
- Açığı, bu barədə çox danışmaq istəməzdim. Bunu deyə bilərəm ki, "Kəpəz"in tarixi, kökü var. Fikrimcə, klub Premyer Liqada qalmaq yox, daha böyük iddialar üçün mübarizə aparmalıdır. Bir sözlə, hədəfləri dəyişmək lazımdır.
- Bu istiqamətdə hansı addımlar atılmalıdır?
- İlk növbədə, idarəçilərin fikri dəyişməlidir. "Kəpəz" tarixi, köklü bir klubdur. Artıq Premyer Liqada məqsəd dəyişməlidir. Fikrimcə, üst pillələr uğrunda mübarizə aparmaq üçün plan, strategiya qurulmalıdır.
- "Kəpəz" veteranlarının hazırkı duruma münasibətləri necədir?
- Kimləri nəzərdə tutursunuz?
- Tofiq Məmmədovun rəhbərlik etdiyi “Kəpəz” Veteranlar İttifaqını...
- Mən “Kəpəz” Veteranlar İttifaqının üzvü deyiləm, olmaq fikrim də yoxdur. Sadəcə, bir gəncəli və Gəncənin veteran futbolçusu, "Kəpəz"sevər kimi soruşursunuzsa, məncə, şəhərə, klubun tarixinə, kökünə başqa bir "Kəpəz" yaraşır. Belə bir söz-söhbətli, hər il Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Kəpəz", əlbəttə, bu şəhərə yaraşmır. Bir veteran kimi bunu deyə bilərəm.
- Klub tarixən əzəmətli və müasir Gəncə Stadionunda yenidən ev oyunlarını keçirməyə başladıqdan sonra adına və azarkeşlərinə layiq oynamalı deyilmi?
- Əlbəttə. Elə mənim də fikirlərim bu məsələyə gəlib çıxırdı. Həqiqətən də Gəncə futbol şəhəridir. "Kəpəz" yüksək yerlər üçün oynasa, Gəncə stadionunun tutumu azarkeşlərə azlıq edəcək. Çünki Gəncə futbolsevər, azarkeşləri "Kəpəz"sevərdir. Sadəcə, neçə illərdir klub Premyer Liqada qalmaq uğrunda mübarizə apardığı üçün istər-istəməz azarkeşlərdə də komandaya qarşı soyuqluq yaranıb. Lakin hər şeyə rəğmən, deyərdim ki, "Kəpəz" rəqiblərini doğma meydanda qəbul etmədiyi üçün də tribunalardakı tərəfdarları hər oyunda göründükləri qədər deyil. Razıyam, Gəncə Stadionunun əzəməti, digər klublar üçün vahiməsi, onları xal qazanmaq baxımından düşünməyə məcbur etməsi kimi nüfuzu var idi. Həmin nüfuzu "Kəpəz"ə qaytarmaq lazımdır və məncə, bunun vaxtıdır.
- "Kəpəz"in hazırkı rəhbərliyi ilə münasibətləriniz və tanışlığınız varmı?
- Klubun hazırkı rəhbərliyi ilə heç bir tanışlığımız yoxdur. Sadəcə, İlqar Nadiri və Erkin İbrahimovla "Kəpəz" rəhbərliyində olduqları vaxt tanış idim. Nadiri ilə hələ "Kəpəz"in baş məşqçisi olduğum vaxtdan tanışlığım yaranmışdı. Erkinə gəldikdə, hələ futbol oynadığımız vaxtlardan bir-birimizi tanımışıq. Hazırkı rəhbərlikdə təmsil olunan İdarə Heyətinin üzvü Fərman Əlizadə ilə bir dəfə görüşümüz olub. Bu, iş görüşməsi idi. Yekunda iş birliyimiz alınmadı.

- Sizə "Kəpəz" Futbol Akademiyasının koordinatoru olmağı təklif etmişdilər?
- Xeyr, akademiya koordinatoru yox, texniki direktor vəzifəsini təklif etmişdilər. Həm uşaq futbolunun inkişafına cavabdehlik daşımalı, həm də əsas komandanın seleksiya məsələlərində iştirak etməli idim. Mən də razılaşmışdım. Lakin, dediyim kimi, iş birliyimiz alınmadı.
- Bu söhbət nə zaman olmuşdu?
- Yeni rəhbərlik gəldiyi ilk dövrlərdə. Həmin vaxt İlqar Nadiri də, Erkin İbrahimov da orada idi. Lakin iş görüşüm sırf Fərman müəllimlə olmuşdu.
- Təklif etdikləri halda müvafiq qərar verməmələrinin səbəbi ilə maraqlanmadınız?
- Loru dildə cavab verəcəyəm: Mən işləməyin acıyam, iş yerinin yox. Düşünürəm ki, orada olmağım onlar üçün yaxşı olardı. İş birliyinin alınmamasının səbəbinə gəldikdə, onlara sual versəniz, daha yaxşı olar.
- Həmin vəzifəyə təyinat oldumu?
- Xeyr, mənə təklif olunan vəzifəyə təyinat verilməyib.
- Belə çıxır ki, bu ştatı əbəs yerə açmışdılar?
- Məncə, texniki direktor vəzifəsi klublarda mövcuddur. Uydurma ştat ola bilməz. Sadəcə, rəhbərlik onlardır, qərar da onlara məxsusdur. Alınsaydı, işləmək istərdim, razılıq da vermişdim. Lakin yekunda alınmadı.
Elşən MƏMMƏDOV














































































