"Kəpəz" klubunun futbolçusu Veysəl Rzayevi bıçaqlayan şəxs saxlanılıb.
Sportnet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, Veysəl Rzayev yaxın dostu və iki xanım tanışı ilə birlikdə restoranlardan birində əylənirmiş. Onlar səhər saatlarında xanımları evlərinə yola salarkən Müseyib Bağırov küçəsində insident baş verib. Qadınlardan birinin keçmiş sevgilisi onlara yaxınlaşaraq vəziyyətlə maraqlanıb. Tərəflər arasında yaranan mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib. Hadisəni sakitləşdirməyə çalışan Veysəl Rzayev bu zaman bıçaq xəsarəti alıb.














































































