“Belə hava şəraitinə baxmayaraq, bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm. Bu mərhələdə ilk oyunumuz idi və bizim üçün çox ciddi nəticə oldu. Cavab matçına daha ciddi hazırlaşmalıyıq. Ayxan Abbasovun komandasını yaxşı mübarizə və layiqli qələbə münasibətilə təbrik edirəm. Cavab oyununa hazırlaşacağıq”.
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Şamaxı"ya 1:2 hesabı ilə uduzduqları Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssis məğlubiyyətin səbəbi barədə danışarkən rəqibin oyununu yüksək qiymətləndirib: “Rəqib yaxşı oynadı”.
Baş məşqçi dumanlı hava şəraiti ilə bağlı suala da qısa cavab verib: “Açığı, meydanın o biri tərəfini görmürdüm. Gözləyirdim ki, nə olacaq, necə olacaq, oyun nə zaman qurtaracaq. Hava şəraiti yaxşı olsaydı, bəlkə də azarkeşlər üçün maraqlı oyun olardı. Sadəcə, deyiləcək bir şey yoxdur”.
Yeni transfer Jeremi Qnalinin mövqeyi ilə bağlı sualı cavablandıran 54 yaşlı mütəxəssis onun sol cinah müdafiəçi kimi nəzərdə tutulduğunu bildirib.
Sıx oyun qrafiki və “Neftçi”nin matçın təxirə salınması ilə bağlı razılıq verməməsi məsələsinə toxunan Qurbanov bunları deyib: “Sosial şəbəkələrdə olmuram, amma baş verən hər bir hadisəyə normal yanaşıram. Bu, kimisə haqlı, kimisə haqsız çıxarası mövzu deyil. PFL-ə müraciət etmişdik ki, imkan varsa, bu oyunu təxirə salsınlar. Həmin gün rəqibimiz "Neftçi" də ola bilərdi, başqa komanda da. Məni daha çox narahat edən məqam o idi ki, "Nyukasl"la ev və səfər oyunlarımız arasında 7 yox, 6 günlük vaxt fərqi olacaq. Bu, cavab oyunundan əvvəl bizə böyük təkan, kömək ola bilərdi. Biz müraciət etdik, onlar da idman prinsipləri ilə cavab verdilər. Reqlamentə əsasən, pley-off oyunlarında Premyer Liqanın hansısa oyununun təxirə salınmasında güzəşt oluna bilər. "Turan Tovuz"la oyundan sonra mənə bu barədə sual verilmişdi, mən də müraciət edəcəyimizi demişdim. Olmadı. Burada elə də ciddi problem görmürəm. Onların da öz proqramları, hazırlıq planları var. Təqvim üzrə oynamağı daha uyğun görürlər. Başa düşürəm. Bunadək biz də "Neftçi" ilə oyunumuzu təxirə salmışıq və ya yerini dəyişdirmişik. İndi razılıq verilmədi deyə, kimdənsə küsmək, kimdənsə incimək fikrimiz yoxdur. Sadəcə, daha dərindən düşünərək, oyunlara hazırlaşmalıyıq".
Qurbanov “Neftçi”nin cavabı ilə bağlı əlavə edib: “Neqativ cavab deməzdim. Sadəcə, "yox" deyiblər, oynamaq istədiklərini bildiriblər. Bunu hamıdan gözləyə bilərik, istənilən komanda belə qərar verə bilərdi. Bu, öz tərəfimizdən üzərinə gediləsi mövzu deyil. Azarkeşləri başa düşmək olar. Bu, daha çox azarkeşlər arasında müzakirə mövzusudur. Hamımız bir-birimizi tanıyır və hörmət edirik. Sadəcə, bəzən idman prinsipləri belə söz-söhbətlərə gətirib çıxarır. Əlbəttə, "Nyukasl"la hər iki oyuna daha yaxşı hazırlaşa bilərdik. Bakıdakı ilk oyuna hazırlığımız da bir o qədər qaydasında deyil. Elə götürək, bu gün belə bir stadionda oynadıq, 4 gün sonra çempionat qarşılaşması üçün yenə bura gələcəyik. Gələn həftəsonu Qubaya "İmişli" ilə oyuna gedəcəyik. Oradakı şəraitlə özünüz tanışsınız. Sadəcə, yaxşı hazırlıq prosesimiz olmayacaq. "Nyukasl"la matçlar da çox vacibdir. Rəqibin ustalıq səviyyəsi yuxarı, təcrübəsi böyükdür. Şansımızdan maksimum yararlanmaq istərdik. "Nyukasl"a məğlub olacağımıza və hazırlaşmağın gərəksizliyinə dair fikirlərlə razılaşmırıq. Xeyr, rəqib nə qədər güclü olsa da, biz sonadək mübarizə aparmaq, şansımızdan maksimum istifadə etmək istəyirik. Niyə də yaxşı nəticə əldə etməyək, sonadək mübarizə aparmayaq? Bunun üçün yaxşı hazırlıq keçmək, yorğunluqdan uzaq olmaq lazımdır. Sadəcə, təxirəsalmanı təklif etdik, alınmadı. Eybi yox. Başqa variantlara əl atacağıq. Çünki həqiqətən bizim üçün vacib oyunlardır. Çempionlar Liqasında bu mərhələyə çatmışıqsa, qarşılaşmalara çox ciddi hazırlaşmalıyıq, əllərimizi yanımıza salıb "bizim üçün bəsdir" demək istəmirik. Qarşımızdakı rəqib bizdən qat-qat üstün olsa belə”.
İngiltərə “Nyukasl”ı ilə qarşılaşmalar barədə danışan baş məşqçi rəqibin güclü olduğunu vurğulayıb: “Bu komandanın oyununda diqqətçəkən məqam çoxdur. Özünəxas oyun üslubu var. Çox bərk komandadır, ilkin prinsipi rəqibə oynamağa imkan verməməsidir. Fiziki qabaritləri daha güclü olan futbolçuları var. Digər komandalar kimi onların da öz təcrübələri, uğurları var. "Nyukasl" da çox istəkli hazırlaşacaq. Onları daha yaxından analiz edərək, qarşıdakı günlərdə barələrində ətraflı fikir bildirmək olar”.








































































