AFFA Region Liqasında eyni gündə keçirilmiş iki oyunda qalmaqal baş verib.
Sportnet.az-ın məlumatına görə, bu barədə İntizam Komitəsinin çıxardığı qərarlarda bildirilir.
"Ağsu Siti" - "Mil" (Beyləqan) oyununda 90+2-ci dəqiqədə futboçular arasında kütləvi münaqişə yaşanıb.
Nəticədə "Ağsu Siti"dən Xətai Bağırov və İsmayıl Qəmbərov, "Mil"dən isə Mahmud Əhmədov, Fəxri Nemətli və Vəfadar Hüseynzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılıb. İntizam Komitəsi isə onların hər birini 3 oyunluq diskvalifikasiya edib.
"Hacıqabul" - "Araz" (İmişli) oyunu isə yarımçıq qalıb. Hələ 10-cu dəqiqədə qonaq komandanın futbolçusu Alim Ağakişiyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Ona 4 oyunluq cəza kəsilib.
60-cı dəqiqədə "Araz"ın daha bir futbolçusu Orxan Məhərrəmov komanda yoldanışı təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılıb. O, meydançanı tərk edən zaman hakimlər briqadasını təhqir etdiyi üçün növbəti 6 oyuna buraxılmayacaq.
80-ci dəqiqədə İmişli təmsilçisinin növbəti futbolçusu Elsevər Babayev hakimlər briqadasını təhqir edib. Bu səbəbdən, qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan Babayev növbəti 4 oyundan kənarda qalacaq.
Qarşılaşmanın 86-cı dəqiqəsində isə "Araz"ın qalan oyunçuları bütövlüklə meydançanı tərk ediblər və bu səbəbdən oyun başa çatmayıb. Nəticədə İntizam Komitəsi İmişli komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.
Qeyd edək ki, Xətai Bağırov minifutbol üzrə Azərbaycan milli komandasının üzvüdür. O, 2025-ci ildə Bakıda keçirilmiş dünya çempionatında qızıl medal qazanıb. O, əvvəllər futzal millisində də çıxış edib.