"Şamaxı" klubunun və Azərbaycan millisinin futbolçusu Rüfət Abbasovun "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra Sportnet.az-a müsahibəsi:
- "Qarabağ"la oyunda qalib gəldiniz. Bu matçda kubokda mərhələ keçməkdən əlavə, şəxsi olaraq, başqa bir xüsusi motivasiyanız var idi?
- Matça yaxşı hazırlaşmışdıq. Rəqibin gücü hamıya məlumdur: keyfiyyətli oyunçuları var. Qələbə qazandıq, amma növbəti mərhələ şansları eynidir. Cavab oyununadək hələ bir ayadək vaxtımız var. Həmin qarşılaşmaya da yaxşı hazırlaşacağıq. Çalışacağıq ki, mərhələ keçək.
- Dumanlı havada meydançanı görmək və dəqiq ötürmələr vermək, irəli-geri qaçışlar sarıdan çətinliklər yaşamırdınız?
- Kənardan fərqli olaraq, meydançanın içi oyunçular tərəfədindən rahat görünürdü. Matçın sonlarına doğru duman sıxlaşdı. Amma ümumilikdə bir-birimizi rahat görürdük.
- Bir cinah oyunçusu kimi hazırkı taktiki sxemdə oynamaq sizin üçün nə qədər asan və ya çətindir?
- 5 müdafiəçili sistemlə oynayırıq. Lakin baş məşqçimiz Ayxan Abbasov 5-li də, 4-lü də oynatsa, buna öyrəşməliyik. Çünki bu, bizim işimizdir. Mənim üçün də fərqi yoxdur. Hər bir sistemdə özümü rahat hiss edirəm.
- Sol cinah oyunçusunun Azərbaycanda çox az olması sizə əlavə üstünlük, yoxsa məsuliyyət verir?
- Az və ya çox olması məndən ötrü önəmli deyil. Əsası odur ki, güclü tərəflərimi daha çox inkişaf etdirim, zəif cəhətlərimi isə tədricən yaxşılaşdırım. Daha yaxşı olmaq istəyirəm.
- Dünya futbolunda kimi özünüzə kumir və ya ən yaxşı sol cinah oyunçusu sayırsınız?
- Dünya futbolunda kimirim Fransanın PSJ klubunun və Portuqaliya millisinin sol cinah müdafiəçisi Nunu Mendeşdir.
- Bu yay "Şamaxı" ilə müqaviləniz başa çatacaq. Klub sizə yeni müqavilə təklif edibmi və bu komandada qalmaq istərdinizmi?
- Hələ "Şamaxı" ilə müqaviləm var. Bəli, sözləşməm yayadək qüvvədədir. Hazırda "Şamaxı"nın uğurları üçün çalışıram. Gələcəkdə nə olacaqsa, birlikdə görəcəyik.
- Xarici çempionatlardan hansında legioner həyatı yaşamaq istərdiniz?
- Almaniya Bundesliqasında oynamaq istəyirəm. Bunun üçün çox çalışmalı, əlimdən gələnin ən yaxşısını etməliyəm. Alınıb-alınmadığını gələcək göstərər.
- Ayxan Abbasovdan başqa hansı məşqçinin üzərinizdəki rolunu qeyd edərdiniz?
- Üzərimdə bir çox məşqçinin əziyyəti olub. Bunlardan ən çoxu kimi Ayxan Abbasovu qeyd edərdim. Çünki əvəzedicilər liqasında ("Neftçi-2"də - red.) olarkən, heç kim inanıb-güvənmədi. Amma Ayxan Abbasov güvəndi və inandı. Ona "çox sağ ol" demək istəyirəm.
Haşım MƏMMƏDOV

















































































