"Hava şəraitini hamımız gördük. Buna əsasən əvvəlcədən bilirdik ki, bizi çətin oyun gözləyir".
Bunu "Qarabağ"ın futbolçusu Coni Montiel səfərdə "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra Sportnet.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, meydançanın bu vəziyyətdə olması daha çox rəqibin oyun tərzinə uyğun olub: "Ona görə də qələbə qazanmaq istəyiriksə, daha çəsur və istəkli olmağımızın vacibliyini bilirdik. Sonda da istəyimizə çatdıq".
Montiel bərabərlik qolunu vurmamışdan əvvəl komanda yoldaşı Kadi Borgeslə məsləhətləşməsinin səbəbini də izah edib: "İki futbolçu arasında nə danışıq ola bilər? Sadəcə, qərar verdik ki, mən yerinə yetirim. Ondan əvvəl küncdən zərbə və cərimə zərbəsi olmuşdu, onları Kadi yerinə yetirmişdi. Bu dəfə isə razılaşdıq ki, cərimə zərbəsini mən vurum".
Qeyd edək ki, Coni Montiel "Şamaxı" ilə görüşdə bir qol və bir məhsuldar ötürmə müəllifi olub.
Haşım MƏMMƏDOV






































































