Türkiyəli futbolçu Eren Aydının azad agent qismində "Zirə"yə transferi ilə əlaqədar qalmaqal yaranıb.
Sportnet.az-ın məlumatına görə, son klubu Ukrayna "Veres"i 23 yaşlı hücumçunun fevralın 3-də düşərgəni özbaşına tərk etdiyini bildirib.
Klubun prezidenti İvan Nadeyin Aydınla 2028-ci ilədək müqavilələrinin qüvvədə olduğunu və oyunçu ilə sözləşmə şərtlərinə tam əməl etdiklərini açıqlayıb. O, türk futbolçunun agentlərinin birbaşa şantajları ilə üzləşdiklərini söyləyib: "Biz tam doğru yolu tutmuşuq. O da bizim kimi, müqavilə şərtlərinə əməl etməlidir".
Aydın "Veres"ə 2025-ci ilin sentyabrında keçib və həmin vaxt 3 illik müqavilə bağlayıb. Türkiyə "Qalatasaray"ının yetirməsi Ukrayna komandasında 11 oyunda 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub. O, Rovno şəhərini təmsil edən komandadan ayrıldıqdan sonra klub rəhbərliyi ilə əlaqəyə də çıxmayıb. Onun nümayəndələri klubdan futbolçunu, gələn təkliflərə rəğmən, qışda Türkiyə və Portuqaliya klublarına satmamasından narazı olublar.
https://sportnews.24tv.ua/ru/jeren-ajdyn-veres-beglyj-futbolist-nashel-novyj-klub_n3006250
Tanınmış ukraynalı jurnalist Mixaylo Spivakovski isə Aydının "Veres"in düşərgəsini özbaşına tərk etməsi ilə əlaqədar tədbir görüləcəyini bildirib: “Zirə öz resurslarında Eren Aydını təqdim etdi. Bu, ona görə axmaq görünür ki, “Veres” bu barədə bizim kimi – internetdən xəbər tutub. Çox maraqlıdır: "Zirə" Aydını necə qeydiyyatdan keçirib meydana buraxmağı planlaşdırır? Axı beynəlxalq transfer sertifikatı olmadan bunu etmək mümkün deyil və təbii ki, Ukrayna Futbol Assosiasiyası onlara belə bir sənəd göndərməyəcək. Məsələn, Luan “Otselul”a qaçdı, amma Rumıniya klubu vingeri meydana buraxmağa tələsmir, çünki yəqin ki, nəticələrinin olacağını anlayır. Halbuki braziliyalının “Veres”lə icarə müqaviləsinin bitməsinə cəmi altı ay qalırdı. Aydının isə 2,5 illik tamhüquqlu müqaviləsi var".
Spivakovskinin sözlərinə görə, türkiyəli futbolçu təlim-məşq toplanışından qaçdıqdan dərhal sonra “Veres” həm oyunçuya, həm də Eren Aydının növbəti transferindən faiz almaq hüququ olan “Qalatasaray”a rəsmi məktublar göndərib. 3-cü məktub “Zirə”yə, 4-cü isə FİFA-ya ünvanlanacaq: “Veres”in Luan və Aydınla bağlı işi daha qlobal əhəmiyyət daşıyır. Müharibə dövründə Ukrayna klubundan futbolçunun özbaşına qaçması presedentə çevrilsə, növbəti qurban başqa komanda ola bilər. Buna görə də Ukrayna Premyer Liqasında hər kəs “Veres”in hüquqşünaslarının qaçanları yaxalayıb “Zirə” kimi futbol reyderlərinə və Aydın kimi şantajçılara cərimə tətbiq etməsi üçün azarkeşlik etməlidir".
Qeyd edək ki, "Zirə" Eren Aydınla cari mövsümün sonunadək müqavilə bağladıqlarını açıqlayıb. Lakin yeni transfer Peşəkar Futbol Liqasında klubun iştirakçı siyahısına daxil edilməyib.






































































