Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının püşkünün nəticələrini və komandanın hazırlıq planını dəyərləndirib.
Sportnet.az xəbər verir ki, 51 yaşlı mütəxəssis D Liqasında Azərbaycan və Lixtenşteynlə eyni qrupda yer almaları barədə danışarkən iddialı olduqlarını gizlətməyib.
“Bu püşkdən şikayət etmirik. Qrupdakı bütün komandalarla oynamaq mümkündür. Heç kim bizə asan oyun vəd etmir. Daha yuxarı diviziona yüksəlmək üçün maksimum gücümüzü ortaya qoymalıyıq”, – deyə Yankauskas bildirib.
Litvalı mütəxəssis Azərbaycan millisinin səviyyəsinə də toxunub: “Əlbəttə, Azərbaycan Lixtenşteyndən daha yüksək səviyyəli komandadır. Onların heyətində Avropa təcrübəsi olan futbolçular var. Xüsusilə Qarabağ FK tez-tez Avropada uğurlu çıxışı ilə diqqət çəkir və milliyə ən çox oyunçu verən klubdur”.
O, Azərbaycan yığmasını texnikalı komanda kimi xarakterizə edib: “Bu, cənub tipli, kifayət qədər texnikalı komandadır. Son illər nəticələri ən yaxşı səviyyədə olmayıb. Amma düşünürəm ki, azərbaycanlılar da öz oyunlarından və nailiyyətlərindən razı deyillər. Qrupdakı bütün komandaların məqsədi eynidir – daha yuxarı qalxmaq”.
Yankauskas Azərbaycan çempionatında çalışan həmyerlisi ilə də əlaqə saxlayacaqlarını bildirib: “Əlbəttə, Valdas Dambrauskas ilə danışacağıq. Onun rəhbərlik etdiyi "Sabah"dan bir neçə futbolçu Azərbaycan millisinin heyətində yer alır. Qarşılaşmaya tam hazır olmaq üçün bütün mümkün məlumatları toplayacağıq”.
ankauskas hazırlıq planı barədə də məlumat verib. Onun sözlərinə görə, Litva millisi yazda iki yoldaşlıq görüşü keçirəcək: “Martın 26-da Kişinyovda Moldova milli futbol komandası ilə oynayacağıq. Qarşılaşma “Zimbru” stadionunda baş tutacaq. Martın 29-da isə Kaunasda, “Darius və Girenas” stadionunda Gürcüstan milli futbol komandası ilə üz-üzə gələcəyik”.
Baş məşqçi heyətin formalaşdırılması prosesinə də toxunub: “Artıq hazırlaşırıq və çempionatlarda çıxış edən futbolçularımızın formasını izləyirik. Hələ yekun heyəti müəyyənləşdirmək üçün vaxtımız var. Seçim oyunçuların hazırkı formasından asılı olacaq. Qarşıda iki yoldaşlıq görüşü və Baltik Kuboku turniri var”.
Yankauskas ilin əhəmiyyətini xüsusi vurğulayıb: “Bu il bizim üçün çox vacibdir. Qələbələr istəyirik, Baltik Kubokunu qazanmaq niyyətindəyik. Hamımızın məqsədi bir olmalıdır və buna çatmaq üçün maksimum çalışmalıyıq”.
Qeyd edək ki, D Liqasının 2-ci qrupunda Azərbaycan və Litvadan başqa, Lixtenşteyn də yer alıb. Oyunlar sentyabrda start götürəcək.











































































