"Çox vacib qələbə münasibətilə futbolçularıma təşəkkür edirəm. Eyni zamanda bura gələn azarkeşlərimizə və bütün qubalılara təşəkkür edirəm. Yerli tamaşaçılar komandamızı çox gözəl qarşıladılar və bizə azarkeşlik edirdilər. Hər birinə minnətdarlığımı bildirir, rəqib komandaya uğurlar arzulayıram".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "İmişli"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra 54 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Meydançanın durumu "Qarabağ"ın oyununa nə dərəcədə təsir etdi?
- Meydança yox idi ki... Ümumiyyətlə, belə meydançada futbol oynamağa necə icazə verilə bilər? Bir neçə gün əvvəl İspaniya La Liqasının iki oyununu meydançanın durumuna görə təxirə saldılar. Bizdə isə belə meydançada, görün, neçə oyun keçiriblər? Sadəcə, çox danışmaq istəmirəm. Çox danışanda, bəzi iradlar bildirəndə deyirlər ki, "Qarabağ", "Qarabağ"... Yəni, bu meydançanı görməyə və burada futbol oynamağa nə Qurban lazımdır, nə də başqası... Belə olmaz da... Hamı futbolu seçib, hamı istəyir ki, nə isə əldə etsin. Amma belə meydançada yox! Bunun zədəsi var. Dərindən düşünsək, dərindən nə isə etmək istəsək, məncə, hər şeydən çıxış yolu var. Belə olmaz da... Nə meydança, nə temp var. Zədədən qorxursan. Belə meydançada oyunla "Nyukasl"la görüşlərə necə hazırlaşasan?! Gəl, indi futbolçulara 3-4 gün bərpa ver ki, çox yükləniblər. Danışılası yox, həddindən artıq müzakirə olunası mövzudur. Bu, indinin mövzusu deyil. Məncə, bütün komandalar buradan şikayət edirlər. Hamı - futbolçular, məşqçilər şikayətlənir. Buna nə isə bir şey etmək olmazmı? Oturub gözləyirdim ki, oyun nə vaxt bitəcək və futbolçular nə zaman zədədən qurtaracaqlar. Belə olmaz! Biri orada ayağını tutub yıxılır, biri burda. Temp ölür. Belə də... Futboldan başqa nə desən, var idi.
- Mateuş Koxalski bu gün niyə sifariş ərizəsində yox idi?
- Onun mikrozədəsi var, dünən məşqdə zədə aldı. Durumuna sabah aydınlıq gələcək. Bu gün yüngülləşib-azalacağını güman edirik. Bu gün də hissiyyatı var.
- Leandro Andrade deyəsən, bu gün əzələsini dartmışdı...
- Leandronun da durumuna baxacağıq. Meydançanın vəziyyəti elə idi ki, bilmirdin hansı zədəni almaq olar... Diz gedir, əzələ gedir, topuq gedir. Bilmək olmur. Onun da vəziyyətinə sabah aydınlıq gələcək.
- Əvəzetmələri də meydançanın durumuna görə etdiniz?
- Həm oyunun gedişatına görə, həm də bəzi futbolçular ötən tur "Şamaxı"ya qarşı 90 dəqiqə oynamışdılar. Orada da meydançanın durumunu görmüşdünüz. Demək olar ki, bu iki oyunda futbolçular dörd oyunluq yükləndilər. Üstəlik, gərgin qarşılaşmalar idi. Belə komandalar müdafiə olunur, sənə oynamağa imkan vermirlər, əlavə güc itirirsən, sərf edirsən. Həm oyunun gedişatına görə, həm də bəzi futbolçuları yorulduqları üçün əvəzlədik. Elə futbolçu var ki, burada çox yorulur. Sanki hokkey meydançası idi. O sürüşür, bu sürüşür, o yıxılır, bu yıxılır. Ötürmə verirlər, ayaq sürüşür, düzgün ötürmə verə bilmirlər. Bu gün burdan belə çıxırıq, hələ görək sabaha nələr çıxacaq (gülür - red.).
- Kadinin epizodunda nə baş verdi ki, qırmızı vərəqə aldı?
- Nə bilim?! Deyəcək bir söz yoxdur. Futbol mübarizə oyunudur. Kadini rəqib futbolçu 3 metrlik məsafədə əli ilə saxladı. O da insandır. İstər-istəməz ola bilər ki, onu buraxmasından ötrü əlini atıb. Dərhal gəlib qırmızı vərəqə vermək mənim üçün maraqlı oldu. Ola bilər təmas olsun, əli dəysin. Amma sən epizoda əvvəlindən bax. Oyunçu qaçıb aralanmaq istəyir, amma onu tutub saxlayırlar. Bu zaman o da əli ilə onu tutanı kənara itələmək istəyir. Heç olmasa, sarı vərəqə ver. Bilmirəm, baş hakim Cavid Cəlilovun özü görürdü, ya yox. Ola bilsin, VAR-dan Əliyar Ağayev dedi. Onsuz da Əliyar bizim oyunlarda çox maraqlı qərarlar qəbul edir. Bu, birinci dəfə deyil. Əliyar dedi, çünki referinin özü baxmırdı. Mən də epizoda sonradan baxdım. Əl getdi, amma oyunçunun bədəni buradadır. Onu tutanda ola bilsin, əli rəqibinin bədəninə, başına dəysin. Bir az ehtiyat elədi. Yəqin, əvvəlki matçda Bəhlul Mustafazadəyə ikinci sarı vərəqənin verilməməsi çox müzakirə olunduğu üçün idi. Ola bilsin, hakimlər ehtiyat edirlər ki, bircə özlərinə söz gəlməsin. Bu barədə danışmağı çox xoşlamıram. Amma sən meydançanı da nəzərə almalısan. İnanmıram ki, hakimlərin belə meydançada oyunları idarə etməyə haqları olsun. Onlar "burada oynamaq olmaz" deyə AFFA-ya bildirməlidirlər. Belə şeymi olar? Hansı əsrdə yaşayırıq? 25 ildir "Futbolumuz inkişaf etsin" deyirik, amma belə meydançada oynayırıq. Başa düşürəm, "İmişli" yeni komandadır, meydançası yoxdur. Burada oynayırlarsa, gəlsinlər, burada məşq etsinlər də. Özləri niyə burada yox, Bakıda məşq edirlər? Çünki bu meydançada məşq etmək onlara sərf etmir. Gedirlər Bakıda məşq edirlər, gəlib burda oynayırlar. Bakıda məşq edirlərsə, qoy, Bakıda da oynasınlar. Yaxud da başqa yerdə. Bunları niyə danışıb-deyirəm? Bəlkə də sözlərim ən azından meydançanın yaxşılaşdırılması sarıdan işlərə faydalı olar. Amma heç kiminlə düşmənçiliyimiz, asılacağımız yoxdur. Sadəcə, istəyirik ki, normal futbol oynanılsın. Yenə deyirəm, "Nyukasl"la oyuna hazır olmayacağam! Birbaşa deyirəm ki, Şamaxı və burada 4 oyunluq güc sərf etdim. Bunların bərpası, özlərinə gəlmələri... Belə olmaz! İnanın ki, mən heç bu dərəcədə olacağını düşünmürdüm. Bu dərəcədə düşünmürdüm ki, meydançanın halı belə olar.
- AFFA İcraiyyə Komitəsinin üzvüsünüz. Məsələ qaldıra bilərsinizmi ki, klublara lisenziya verərkən, meydançalarının durumu da qiymətləndirilsin?
- Əlbəttə, biz həmişə bunları bildiririk. Meydança məsələsi İcraiyyə Komitəsinin iclaslarında daim müzakirə olunur. Hər klubun öz meydançası olmalıdır, stadion yaxşı şəraitdə olmalıdır. Hətta bu klublar çempionata buraxılanda onlara bir il möhlət verildi ki, bütün infrastrukturu yaxşılaşdırsınlar, ən azından meydançaları yaxşı olsun. Bunlar da gözləyirlər ki, bizə möhlət veriblər. Daha belə meydançada yox da... İcraiyyə Komitəsi gəlib meydançanı düzəldəsi deyil. Lisenziyalaşdırma adlı müvafiq qurum var ki, onlar da gəlib baxaraq, qərar verməlidirlər. Bilmirəm kim baxır, amma belə olmaz. Fərqi yoxdur, burada biz oynadıq, yoxsa digərləri. Bu dərəcədə düşünmürdüm, bu dərəcədə bərbad meydança olmaz. Siz hələ kənardan baxırdınız, mən meydançanın içində gəzmişəm. Futbolçular güc sərf edirdilər, qaça bilmirdilər. Onun ayağı sürüşür, bu, yıxılır. Düzü, çox məyusam. Son vaxtlar futbolda bu qədər məyus olmamışdım.












































































