"Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, 49 yaşlı mütəxəssis suallardan öncə oyunla bağlı fikirlərini bölüşüb:
- Çox maraqlı oyun oldu. Meydançada mübarizə getdi. Hər iki komanda yaxşı oyun sərgilədi. Bilirik ki, "Zirə" yaxşı komandadır, amma bu gün biz də yaxşı oynadıq. Bir standart vəziyyətdə rəqibi buraxdıq və qapımızda qol gördük. Hesabı bərabərləşdirmək istədik. Oyunun gedişatında sistemdə dəyişiklik etdik, hücumçuların sayını artırdıq. Təəssüf ki, qol vura bilmədik. Rəqibi təbrik edirəm, növbəti matça hazırlaşacağıq.
- Qavi Tompson meydandan çıxanda qərara etiraz etdi...
- Hər bir fubtolçunun oyunu alınmayanda stressə düşür. Bu, normaldır. Qavi təcrübəli oyunçulardır. Sakitləşdikdən sonra başa düşdü. Qavini dəyişdik ki, ora hücumameyilli oyunçu əlavə edək.
- Artıq neçənci dəfədir ki, ilk hissədə əvəzetməyə gedirsiz. Bu, nə ilə bağlıdır?
- "Sumqayıt"la matçda Rauf Rüstəmlinin oyunu pis alınmırdı. Müdafiədə problemlər var idi, məcburiyyətdən onu əvəzlədik. Bu gün də hesabda geridə idik. Qavi yarımmüdafiəçidir, Peter Kinqs isə hücumameyillidir. Biz futbolçuların zəif çıxışına görə yox, hücumda effektiv olmaq dəyişiklik üçün edirik. Taktiki gedişlərdir.
- Birinci hissədə potensial penalti epizodu var idi. Təkrara baxdınız?
- Baxdım. VAR-da oturanlar da baxırlar. Dirsək var idi, amma necə dəyərləndirirlər, bilmirəm. Hakimlər bizdən daha biliklidir. O epizodda dirsək var idi. Amma fərq var. Bizim müdafiəçimizə qarşı dirsək zərbəsi oldu.
- Ötən oyunda da rəqibinizə aşkar qırmızı vərəqə verilməmişdi. Sonuncu pillədə olduğunuza görə, hakimlər sizə qeyri-ciddi yanaşırlar?
- Çox təsir edir. Biz çox əziyyət çəkirik. Futbolçular da əziyyət çəkirlər. Hər oyuna qalibiyyət üçün çıxırıq. Belə epizodlar bizi əzir. Bizim oyunlarda hakimlər maksimum diqqətli olmalıdır. Hansısa səhv bizi Premyer Liqadan sala bilər. İstəyim odur ki, hakimlər bizim matçlarda çox diqqətli olsunlar.













































































