AFFA Region Liqasında keçirilən "Sabirabad" - "Olimpik Sabirabad" oyununda qalmaqal baş verib.
Sportnet.az-ın məlumatına görə, oyunun hakimi əvvəlcə təhqir olunub, sonra isə döyülüb.
"Olimpik Sabirabad"ın futbolçusu Marif Quliyev qarşılaşmanın 64-cü dəqiqəsində əvəz olunduqdan sonra, "Sabirabad"ın oyunçusu Cahangir Xələfli 73-cü dəqiqədə hakimi təhqir edib. Xələfli qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılıb. AFFA İntizam Komitəsinin qərarına əsasən, hər iki futbolçu növbəti 4 oyuna buraxılmayacaq.
"Sabirabad"ın daha bir oyunçusu Beyrək Beybutlu matçın 83-cü dəqiqəsində perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı vərəqə ilə cəzalandırılıb. Bundan sonra Beybutlu hakimə fiziki təzyiq (itələmə, dartma) göstərib. O, növbəti 8 oyuna buraxılmayacaq.
"Sabirabad"ın baş məşqçisi Şirxan Əkbərov da meydançaya daxil olaraq hakimə fiziki təzyiq edib. Nəticədə o da növbəti 8 qarşılaşmadan kənarlaşdırılıb.
Hakim meydançaya daxil olan kənar şəxsin də hücumuna məruz qalıb. Bu səbəbdən, "Sabirabad"a xəbərdarlıq edilib.
O da bildirilir ki, stadionda təhlükəsizlik təmin olunmayıb, oyunda cəmi 3 polis işçisi bu funksiyanı yerinə yetirib. Dava-dalaş üzündən qarşılaşma 84-cü dəqiqədə yarımçıq qalıb.
İntizam Komitəsinin qərarı ilə oyun saxlanıldığı vaxtdan davam etdiriləcək.
Qeyd edək ki, oyun fevralın 14-də Sabirabadın Kovlar kəndində keçirilib. Qarşılaşma dayandırıldığı vaxt hesab 2:2 olub.