"1/8 final mərhələsinə adlamaq fantastik görünür".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Nicat Qurbanov "Qarabağ"ın UEFA Çempionlar Liqasında "Nyukasl"a qarşı İngiltərədə keçirəcəyi pley-off mərhələsinin cavab görüşü barədə danışarkən deyib.
Onun fikrincə, Azərbaycan təmsilçisi indidən növbəti mövsümə hazırlaşmalı və çatışmazlıqları aradan qaldırmalıdır.
Qurbanov cavab görüşündə müəyyən dəyişikliklərin baş verməsini istisna etməyib: "Qurban Qurbanovun bir xüsusiyyətindən xoşum gəlir ki, öz oyun sistemindən və üslubundan əl çəkmir. Bu, peşəkar yanaşmadır. Çünki hər bir baş məşqçinin öz sistemi və oyun prinsipləri var. Düzdür, "Nyukasl"la ilk matçda Bədavi Hüseynov meydançaya daxil olduqdan sonra sistem bir qədər dəyişdi. Aydın məsələdir ki, bu addımı atmağa hesab məcbur edirdi. Amma ümumi götürsək, "Qarabağ" neçə illərdir eyni sistemlə oynayır. Cavab görüşündə də sistemdə dəyişiklik ola bilər. Çünki İngiltərədə oynayacaqlar, orada tam fərqli vəziyyət olacaq. Azarkeş amili, rəqibin öz meydançasında sərgilədiyi oyun, öyrəşdiyi mühit var. Orada daha çətin olacaq, asan olmayacaq. Necə ki, biz həmişə Bakıda rəqiblərə çətin olduğunu düşünürük. "Nyukasl" gəldi, rahat oynayıb getdisə, öz meydançasında daha rahat çıxış edəcək. Çətin olacaq. Düşünürəm ki, müəyyən dəyişikliklər ediləcək. Sadəcə, bunu özümüzün də görməyinə vaxt lazımdır".
Keçmiş yarımmüdafiəçi ilk matçda "Qarabağ"ın 1:6 hesabı ilə uduzmasının səbəblərindən də danışıb: "Fərdi səhvlər və müdafiədə inamsız çıxış bu nəticəyə gətirib çıxardı. Yalnız müdafiəni deməzdim, hücumda da top saxlaya bilmir, itirirdik. Əlbəttə, İngiltərə və Azərbaycan Premyer Liqaları eyni deyil. "Nyukasl" istər-istəməz "Qarabağ"ı analiz etmişdi, oyunçuların güclü və zəif nöqtələrini bilirdi. O fürsəti gözləyirdilər ki, pressinq edərək, topu alsınlar və hücuma getsinlər. Düşünürəm ki, "Nyukasl" birinci hissədə möhtəşəm, demək olar ki, səhvsiz oynadı, "Qarabağ"ın hər səhvindən istifadə etdi. Müdafiə və hücumdakı fərdi səhvlər, top itkiləri gətirib 1:6 hesablı nəticəyə çıxardı".
Veteran futbolçunun sözlərinə görə, "Qarabağ"da qış fasiləsindən sonra eniş hiss olunur: "Hazırda əsas və ikinci heyət arasında böyük fərq var. Əsas heyətdəkilər istər-istəməz daha çox yükləniblər. Halbuki iki mövsüm əvvəl "Qarabağ" ikinci heyətlə çempionatda rahat futbol oynayırdı. Amma bu gün "Qarabağ" bunu edə bilmir. Çünki ehtiyatda oturanlar o formada deyillər, oyun praktikası sarıdan əziyyət çəkirlər. Bu isə komandanın nəticəsinə də, əsas heyətə də təsir edir. "Qarabağ"ın "Liverpul" və "Nyukasl"la son 2 oyunda 12 top buraxması doğrudan da yaxşı nəticə deyil. Amma düşünürəm ki, "Qarabağ" bu vəziyyətdən çıxacaq".
Qeyd edək ki, bu gün "Sent Ceyms Park"da keçiriləcək "Nyukasl" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

















































































