Bu gün Azərbaycan Premyer Liqasında XIV turdan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” görüşü keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, saat 15:00-da başlanacaq qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq.
Hazırda 37 xalla 3-cü yerdə gedən "Turan Tovuz" qələbə qazansa, həm 2-ci yerdə gedən "Qarabağ"la, həm də 4-cü pillədəki "Zirə" ilə xal fərqi 5 olacaq.
15 xalla 10-cu mövqedə olan "Qəbələ" də qələbə qazansa, özündən sonrakı "Kəpəz"dən 5 xal aralanacaq.
Bu, iki komanda arasında 10-cu görüş olacaq. Əvvəlki qarşılaşmaların 2-də "Qəbələ", 4-də "Turan Tovuz" qalib gəlibsə, 3 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "qırmızı-qaralar" üstünlüyə malikdir - 12:10. Lakin “Turan Tovuz” son üç matçda qalib gəlib. “Qəbələ” isə axırıncı üç ev görüşündə qol vurub.
Əslində yubiley matçı 2025-ci il dekabrın 8-də keçirilməli idi. Amma 24-cü dəqiqədə qatı duman səbəbindən oyun yarımçıq dayandırılıb. Ertəsi gün Peşəkar Futbol Liqasının (PFL) İdarə Heyətinin iclası keçirilib və matçın keçirilmə tarixi, eləcə də bununla bağlı digər məsələlər barədə müzakirələr aparılıb. Qış fasiləsinə qədər olan, eləcə də ondan sonrakı ilk turun təqvimi tam açıqlandığı, klublar fəaliyyət planını artıq müəyyənləşdirdiyi üçün, eləcə də bununla bağlı digər məqamları və klubların da fikrini diqqətə alaraq PFL İdarə Heyəti müəyyən qərarlar qəbul edib.
Qərara əsasən, əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmış qarşılaşma yeni oyun kimi keçiriləcək. Klublar görüşdə sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcəklər. 24-cü dəqiqədə dayandırılmış oyun üçün qüvvədə olan cəzalar Premyer Liqanın növbəti oyunlarına şamil ediləcək.
Azərbaycan Premyer Liqası, XIV tur
24 fevral (çərşənbə axşamı)
15:00. “Qəbələ” – “Turan Tovuz”
Qəbələ şəhər stadionu
Oyun yarımçıq dayandırılarkən, komandaların protokolunda bu futbolçular yer alıb:
“Qəbələ”: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 27. Eşqin Əhmədov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Tsxadadze
“Turan Tovuz”: 1. Oleq Baklov 10. Xəyal Nəcəfov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 73. Ülvü Mədətov 14. Murad Dadaşev 30. Mircamal Əlizadə
Baş məşqçi: Kurban Berdiyev
















































































