"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas evdə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransı keçirib.
Litvalı mütəxəssis jurnalistlərin suallarını cavablandırmamışdan əvvəl oyun barədə danışıb:
- Komandamı təbrik edirəm. Bilirdik ki, oyun heç də asan olmayacaq. Ola bilər ki, futbolçuların düşüncəsi milli fasilədə olsun. Oyunçularımın davranışlarından, oyuna köklənmələrindən razı qaldım. Birinci hissədə 1:0 hesabı ilə öndə olanda çoxlu qol fürsətlərindən yararlana bilmədik. İkinci yarıya sürətli başladıq və qol vurduq. Bunun üstünlüyündən istifadə etməyə başladıq. Hesab 3:0 olanda nəzarəti bir az itirdik və son dəqiqədə lazımsız qol buraxdıq. Amma geniş baxsaq, deyə bilərəm ki, bugünkü oyundan razı qaldım. Futbolçular 4 günlük fasilədə ailələri ilə istirahəti düşünməlidir. Qayıdandan sonra gümrah olmalı və çempionatın önəmli, son hissəsinə hazırlaşmalıyıq.
- Futbolçulara fasilə zamanı fiziki hazırlıqlarının düşməməsi üçün hansı tapşırıqlar veriləcək?
- Onlara xüsusi təlimat verməyəcəyəm. 3-4 günlük futbolu unutmaqlarını istəyirəm. Ailələrinə köklənsinlər, istirahət etsinlər. Komanda hazırda çox yaxşı formadadır. İnanıram ki, istirahətdən hazır şəkildə dönəcəklər.
- Bəs özünüz bu müddətdə futbolu unuda biləcəksiniz?
- Litvada olacaq, orada dincələcək, futbol barədə bir müddət fikirləşməyəcəyəm. Amma qayıdandan sonra düşünməyə başlayacağıq. Açığı, fasilənin olmasını istəməzdim. Çünki ritmdən uzaqlaşmaq olur. Bəzən oyunçuları itirə bilirik. Qayıdandan sonra düşünürəm ki, “Qarabağ”la oyuna hazırlaşa biləcəyik.











































































