“Sabah" klubu Almaniya "Holştayn"ından icarəyə götürdüyü futbolçu Timoteuş Puxaçı cari mövsümün sonunda birdəfəlik transfer etmək niyyətindədir.
Sportnet.az xəbər verir ki, bu barədə polşalı jurnalist Tomaş Vlodarçik açıqlama verib.
Onun sözlərinə görə, “Puşka” ləqəbli sol cinah oyunçusu ilə bağlı danışıqlara başlanılıb. 27 yaşlı futbolçunun "Holştayn"la müqaviləsində 600 min avro qarşılığında satınalma maddəsi yer alıb. "Sabah"ın bu məbləği aşağı salmağa çalışdığı bildirilir.
Vlodarçikin fikrincə, danışıqlar, böyük ehtimalla, uğurla nəticələnəcək: "Azərbaycan klubu polşalı legionerin komandaya uyğunlaşma səviyyəsindən çox razıdır".
Qeyd edək ki, Timoteuş Puxaç "Sabah"a 2025-ci ilin sentyabrında keçib. O, Masazır komandasının heyətində Azərbaycan Premyer Liqasında 23 oyunda 9 məhsuldar ötürmə ilə yadda qalıb. Bundan əlavə, Puxaç ölkə kubokunda keçirdiyi 2 görüşdə 2 qol vurub. Bu göstəricilər onun Almaniyadakı uğursuz dövrdən sonra yenidən formaya düşdüyünü göstərir.
Polşalı müdafiəçi karyerası ərzində artıq 10 klubda çıxış edib. O, ən çox oyunu "Lex Poznan" formasında keçirib – 82 matç. Bundan başqa, Puxaç "Holştayn"da 36 oyunda 13 məhsuldar ötürmə edib. Hazırda isə belə görünür ki, futbolçu özünə ən uyğun ünvanı məhz Masazırda tapıb.













































































