Sportnet.az-ın məlumatına görə, ölümə səbəb kimi həkim biganəliyi göstərilir.
Hacılı martın 25-də etdiyi paylaşımında tibb işçilərini onun səhhətinə qarşı laqeydlikdə günahlandırıb: “Bu gün saat 16:57-də nəfəs ala bilməmək, boğulma və güclü öskürək səbəbilə 103-ə zəng etdim. Vəziyyətim hazırda da ağırdır, hələ də normal nəfəs ala bilmirəm.
Bu problem məndə xronikidir, əvvəllər də olub və bilirəm ki, müalicəsiz keçən şey deyil. Bronxlarım tam tutulub, boğulma hissi ilə qalmışam. Təcili Tibbi Yardım gəldi, saturasiyamı ölçdülər və çox aşağı çıxdı.
Məni xəstəxanaya aparmaq istədilər, amma əvvəl zəng edib dedilər ki, qızdırmam çox deyilsə xəstəxana qəbul etməyəcək, geri qaytaracaq. Bu nə yanaşmadır? Bu arada temperaturumu ölçdülər, 38 çıxdı.
Sonra briqadaya deyildi ki, sadəcə qızdırmaya qarşı iynə vurun və gedin. Mənim problemim qızdırmadır? Mən nəfəs ala bilmirəm, boğuluram. Saturasiyam aşağıdır.
Bir insanın bu vəziyyətdə bu cür yola verilməsi açıq-aşkar məsuliyyətsizlikdir. İnsan həyatına bu qədər laqeyd yanaşmaq nə deməkdir? Hələ də ağır vəziyyətdəyəm və real kömək ala bilməmişəm.
Bu məsələ ilə bağlı ciddi araşdırma tələb edirəm. Bu cür yanaşma qəbuledilməzdir".
Hadisə ilə əlaqədar "Qarabağ" klubu başsağlığı paylaşımı edib: Komandamızın azarkeşi Zəfər Hacılının vəfatından kədərləndiyimizi bildirir, ona Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk"!
Hələlik rəsmi qurumlar açıqlama verməyiblər.















































































