UEFA Fransanın "Lill" klubunu cərimələyib.
Sportnet.az xəbər verir ki, buna səbəb Avropa Liqasında 1/8 final mərhələsinin İngiltərə "Aston Villa"sı ilə ilk oyununda baş vermiş insident olub.
Qarşılaşmadan əvvəl azarkeş sektorunda Fransa bayrağı fonunda milli qəhrəman Janna D`Ark təsvir olunan banner açılıb. Pankartın üzərində ingilis dilində “Fransızlar heç vaxt ölmür” şüarı yer alıb.
Bundan əlavə, “Qürurlu. Güclü. Vəhşi” və “Janna qılıncı qaldırır, "Lill" mübarizəni davam etdirir” ifadələri də yazılıb.
UEFA bu mesajı idman tədbiri üçün uyğun hesab etməyərək klubu cəzalandırıb. Həmçinin azarkeşlərin meydançaya əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi və oyunun gec başlamasına səbəb olması da sanksiyalara yol açıb.
Nəticədə "Lill" ümumilikdə 82 750 avro məbləğində cərimə olunub. Oyun isə "Aston Villa"nın qələbəsi ilə yekunlaşıb - 1:0.
Qeyd edək ki, daha əvvəl UEFA Serbiyanın "Srvena Zvezda" klubunu da "Lill"ə qarşı Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda (0:2) nümayiş etdirilən pankarta görə cəzalandırıb.








































































