Azərbaycan millisinin qapıçısı Aydın Bayramov Syerra Leone yığmasına penaltilər seriyasında qalib gəldikləri FIFA Series-2026 turnirindən sonra müsahibə verib.
Sportnet.az-ın məlumatına görə, qapıçı əvvəlcə görüşü dəyərləndirib:
- Ağır oyun keçdi. Yaxşı komandaya qarşı çıxış etdik. İlk hissədə uğursuz oynayaraq qapımızda qol gördük. Məncə, orada qayda pozuntusu var idi. Yenə də ikinci 45 dəqiqədə döyüşdük və hesabı bərabərləşdirdik. Penaltilər seriyasında isə daha dəqiq oynayaraq qələbə qazandıq.
- Penaltilər seriyasına hazırlaşmışdınız?
- Kimin hara, necə vuracağına öncədən baxmışdım. Hazırlıqlı idim.
- Matçın sonunda yaranan mübahisə ilə bağlı nə deyə bilərsiniz?
- Mən ora oyunçuları ayırmağa getmişdim. Lakin rəqib futbolçu mənə qarşı nalayiq ifadələr işlətdi. Mən isə ondan düzgün danışmasını tələb etdim.
- Milli komanda səviyyəsində ilk dəfə penalti seriyasında qələbə qazandınız...
- Qələbə qazanmaq, qızıl medal sahibi olmaq çox gözəl hisdir. Bunu milli komanda ilə bacarmaq isə bunu daha özəl edir. Hislərimi sözlə ifadə edə bilmirəm.
- Növbəti milli fasilədə çağırış gözləyirsiniz?
- Məşqçilər korpusunun qərarından asılıdır. Mən yenə də əlimdən gələni edəcəyəm ki, bu yerə layiq görülüm. Sonrası isə, forma və fiziki göstəricilərimdən asılıdır.
- Millətlər Liqasında yenidən C Liqasına qayıtma şanslarını necə dəyərləndirirsiniz?
- Məncə, hazırıq. Millimizin D Liqasında olmasını özümə sığışdırmıram. Özümüzü yaxşı tərəfdən göstərərək yenidən öz yerimizə qayıdacağıq.
Mikayıl HACIYEV











































































