"İlk növbədə, hər iki komandanın azarkeşlərinə təşəkkür etmək istəyirəm. Çox möhtəşəm ab-hava var idi. Futbolçulara çox böyük motivasiya verdilər. Düşünürəm ki, hər iki komandanın oyunçuları azarkeşlərə layiq matç sərgilədilər. Ümumilikdə maraqlı, çox sürətli və dinamik oyun alındı. Əsl kubok oyunu idi. Cavab görüşünə hazırlaşmalıyıq. Amma vaxtımız da azdır. Aprelin 6-da "Karvan-Yevlax"la çempionat matçımız var. Bu görüşə hazırlaşmalıyıq. Düzdür, futbolçularımız yorğundurlar. Amma çalışıb qarşıdakı iki gün ərzində tam bərpa olmalıdırlar ki, oyuna hazır vəziyyətdə çıxsınlar".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Daha sonra 54 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Baş hakim təyinatı çox müzakirə olundu. Rauf Cabarovun təyinatını eşidəndə narahatlıq keçirdinizmi?
- Qətiyyən! Hamısı bizimkilərdir. Boşuna təyin etməyiblər. Yəqin ki, son vaxtlar yaxşı performansı olub, yaxşı oyunlar idarə edib. Ona görə də "Sabah"la ilk matçımıza təyin ediblər. Nəyisə müzakirə etmək fikrim yoxdur.
- Son zamanlar Aleksey Kaşukun oynamaması nə ilə bağlıdır: Rəqabətdə uduzur, yoxsa "Sabah"a qayıtma variantı var?
- "Sabah" söhbəti ümumiyyətlə yoxdur. Bilmirəm ki, bu istək qarşı tərəfdə varmı? Amma bizdə yoxdur. Hər halda hazırda belə bir məlumata malik deyiləm. Qaldı ki, Kaşuk "Sabah"la çempionatdakı ötən matçımızda oynamışdı. Yetərincə şans verilir. Demək olar ki, istədiyimiz performansı o qədər də doğrultmur. Bu gün Leandro Andrade daha yaxşı performans göstərir. Amma Kaşuk hazırda komandadadır.
- Kubok üçün çempionatı və ya əksinə, qurban vermək fikriniz varmı?
- Ümumiyyətlə, belə bir düşüncəmiz yoxdur. Azarkeşlər bu cür oyunlardan zövq alırlarsa, eybi yox, qoy, biz uduzaq, təki onlar zövq alsınlar. Biz həmişə iddialı olmuşuq, hər iki titul uğrunda mübarizədə maksimum nəticə göstərmək istəmişik. Olmayacaqsa, olmayacaq. Lakin öz istəyimizdən, aktivliyimizdən əl çəkməyəcəyik.
- Komandanız üçün əsas çatışmazlıq nə idi ki, qalib gələ bilmədiniz?
- Qarşımızda çox yaxşı komanda, formalaşmış kollektiv var idi. Sonadək oyundan qopmurlar, dözürlər. Bəli, bu gün yaxşı komandayıq. Lakin "Sabah" da çox yaxşı kollektivdir. Bəlkə bu gün onların istəkləri bizdən daha yuxarıdır. Amma bu cür rəqibə qarşı oynamaq bizə xoşdur. 2025-ci ilin dekabrında çox yorğun idik, sürətimiz aşağı düşmüşdü. Lakin "Sabah"la son 2 oyun bizə, futbolçulara əlavə motivasiya verib. Qarşımızda çox yaxşı oyun fəlsəfəsinə malik, bir-birini tamamlayan futbolçulardan yığılmış kollektiv var idi. Bizə xoşdur. Hər oyunda yaxşı olmalıyıq ki, daha yaxşı nəticə əldə edək. Səbəb qarşımızdakı rəqibdir - "Sabah"dır.
- Demək olarmı ki, azarkeşlər həmişə yaxşı oyuna baxmağa gəlirlər?
- İnanın ki, bu azarkeşlər gəlsələr, həmişə yaxşı oyun olacaq. Fərqi yoxdur, istənilən rəqibə qarşı çox yaxşı oyunlar alınacaq. Sadəcə, son zamanlar uğursuzluqlar barədə o qədər danışılır ki, ola bilsin, azarkeş də inamlarını itiriblər. Amma inanın ki, çempionatın bütün oyunlarında bu qədər azarkeşimiz olsa, oyunlarımız da çox maraqlı olacaq. Mən buna əminəm. Futbolçular daha əlavə motivasiya ilə, daha istəkli, daha məsuliyyətli olaraq, istənilən oyunda özlərini göstərəcəklər.
- Bu gün özünüzü avrokubok matçında hiss etdinizmi?
- Elə bir ab-hava var idi. Avrokubokların təsnifat mərhələlərindəki oyunlara baxsaq, bu gün onlardan daha çox azarkeş var idi. Oyun da sürətli, dinamik idi, qarşımızda daha qabiliyyətli və keyfiyyətli futbolçular, komanda var idi. Mənə çox xoş oldu.
- Elvin Cəfərquliyevlə Akim Zedadka arasında mübahisəni sakitləşdirdiniz. Bu barədə nə deyə bilərsiniz?
- Düzü, epizodu görmədim. Topsuz olduqları vaxt mübahisə etdilər. O da sırf futbolçu aqressiyasından irəli gəlir. Bu cür hadisələr futbolu bəzəyir. Futbol - xarakter, mübarizə oyunudur. Əlbəttə, bəzi azarkeşlər ondan da zövq alırlar. Düzdür, Zedadka hirsləndi. Bu da normaldır, futbolda olur. Mən də onları barışdırmağa çalışdım. Bilmirəm, barışdılar, ya yox. Amma normal, isti qəbul etdi.
- Oyundan sonra Valdas Dambrauskasla xeyli söhbət etdiniz. Maraqlıdır, nədən danışırdınız?
- Həmkarımla söhbətdə keçən oyunumuzdan heç nə danışmadıq. Həmişə fikirlərimdə bildirmişəm ki, oyunda olan elə meydançada qalır. Futbolun özəlliyi, gözəlliyi odur. O anda olan hadisələr, aqressiyalar, düşünmədən atılan hansısa addım oradakı hadisəyə görə olur. Sonradan onu hansısa formada müzakirə etməyi ümumiyyətlə xoşlamıram. Dambrauskasla oyunlardan əvvəl də, sonra da futbol haqqında danışırıq. O, həmişə bizim işimizə, komandamızın uğurlarına dəyər verdiyini bildirir, mən də qarşılıqlı fikirlərimi bildirmişəm ki, qısa müddətdə çox gözəl komanda formalaşdırmısınız, bir-birimizə qarşı oynamaq çox xoşdur. Yəni, centlmensayağı danışığımız olub.
- AFFA-nın yeni rəhbərliyinin son 2 il ərzindəki işini necə dəyərləndirirsiniz?
- Normal. Ümumiyyətlə, yeni fikir, yeni ideya olanda nəticəsini görməyə zaman lazımdır. Lakin yeni düşüncələr, yeni beyin, yeni proqram varsa, yeni strukturun qurulması üçün işlər gedirsə, bu, yalnız maraqlı olur. Bəhrəsini görməyə isə vaxta ehtiyac duyulur. Hər 3-4 aydan bir görürük ki, yeni fikir, yeni ideya, yeni düşüncə ortaya çıxır. Hansı ki, onun ətrafında işlərə yavaş-yavaş başlanılır. Bu da həm dəyişikliklərə, həm də böyüməyə səbəb olur.














































































