"Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Hər bir görüşdə bizim üçün həm qələbə vacibdir, həm də bu, oyunumuzu yaxşılaşdırmaq üçün böyük şansdır. Ona görə də bütün görüşlərə çox ciddi hazırlaşmağa çalışırıq. Rəqib komandaya və onun baş məşqçisi Füzuli Məmmədova uğurlar arzulayır, hər iki kollektivin azarkeşlərinə verdikləri dəstəyə görə təşəkkür edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Karvan-Yevlax"a 7:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra 54 yaxşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Adətən, "Qarabağ" çempionatda dominant olur, rəqiblərini qabaqlayır və bu qədər xal fərqi ilə geriyə düşmür. Belə olan halda geridönüş etməyə ehtiyac duyulmur. Amma indi geridəsiniz. Bu mənada, komandanın hazırkı duruma verdiyi reaksiyasından razısınızmı və hesab edirsinizmi ki, geridönüş etməyə lazımi xarakteri var?
- Əlbəttə, var. Komandada ümumiyyətlə xarakter və xarakterli futbolçular olmasaydı, bugünkü nəticələr də olmazdı. Çünki uğursuz illər boyunca seriyamız olub, sonra geridönüş edə bilmişik. Amma alınmayan, olmayan vaxtlar da olub. Komandada disbalans, ümumi daxili problemlər olub, futbolçuların hazırlığı fərqli olub, çoxu istədiyimiz formada olmayıb. Biri zədə, digəri az oynamaları səbəbindən. Amma futbolçularımın potensialı var, çünki təcrübəli komandayıq. Əlbəttə, hər bir qarşılaşmada sona kimi çalışırıq ki, qələbə qazanaq. Amma bu mövsüm "Sabah" kimi çox yaxşı, balanslaşmış, formalaşmış komanda var. Eləcə də "Neftçi", "Zirə", "Turan Tovuz" oyunlarını daha da yaxşılaşdırıblar, stabil oyun və nəticə göstərirlər. Hər oyuna hazır olmalıyıq. Daim çalışmalıyıq ki, nəticə vermək üçün düz nədirsə, ondan əl çəkməyək. Uğur ola da, olmaya da bilər. Amma öz doğru proqramımızdan əl çəkməməliyik.
- Hakimlik məsələsi çox danışılır. Sizcə, çempionatın bu vəziyyətinə hakimliyin nə dərəcədə təsiri var?
- Fikir bildirmək bəlkə düzgün deyil. Amma ümumən kənardan nə görünür? Sanki hakimlər bilmirlər ki, nə qərarlar versinlər. Bilmirəm tələb çoxdur, yoxsa dünya futbolunda da bilmirik, hansı yeni qaydalar olur, burada nələr müzakirə olunur. Bənzər epizodlarda fərqli qərarlar qəbul edilir. Bu, hamımızın oyunlarında olub. Sanki hakimlər bir az tərəddüd içindədirlər. Bəzən məndə də olur, təcrübəsiz və ya gənc futbolçudan oyunun gedişatında çox şey tələb edirəm. Bəzi epizodları analiz edərək, ona bildirirəm ki, hansında nə qərar vermək lazımdır. Bəzən görürsən ki, təcrübəsizlik ona mane olur. Birini düzgün edir, o birində yox. Birində doğru qərar verir, o birisində fərqli. Ya hakimlərdən tələb həddən artıq çoxdur, ya da qaydalar o qədər dəyişilib ki, müzakirə edəndə də fikir ayrılıqları olur. Ola bilər ki, hakimlərdə də belə hallar olsun. Amma ümumilikdə bir qayda olmalıdır. Necə deyərlər, futbolun dili birdir. Hakimliyin dili də bir olmalıdır. Sadəcə, ola bilər ki, tam formalaşmaq üçün öz hakimlik məktəbimiz olmalıdır. Avropa nə qədər qayda-qanun desə də, bizim də öz hakimliyimiz, dəst-xəttimiz, qanunlarımız olmalıdır. Nə də etsən, qanun birdir. Ona uyğun getsələr, bəlkə də daha rahat olarlar. Amma görünən odur ki, hakimlər sanki bir qədər panikada, tərəddüd içindədirlər. Oyunlardır, bəzən hamımız hirslənirik, hansısa reaksiya veririk. Allah köməkləri olsun. Çünki ən çox müzakirə olunan onlardır, basqı onların üzərindədir. Allah işlərini asanlaşdırsın.













































































