"Maraqlı və gərgin oyun alındı".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis bildirib ki, birinci hissədə meydançada taktiki savaş gedib: "Real epizod bizim olsa da, təəssüf ki, Dioqo Balau fürsətdən istifadə edə bilmədi".
Abbasov "Zirə" kimi rəqibdən səfərdə 1 xal almağı "Şamaxı" üçün uğur hesab etdiyini vurğulayıb: "İkinci hissədə bilirdik ki, rəqib həm dəyişikliklər, həm də təzyiq edəcək. Amma ikinci hissənin ilk dəqiqələrində qırmızı vərəqə almağımız həqiqətən də bizi çətin duruma saldı. Daha sonra qapımıza 11 metrlik cərimə zərbəsi təyin olundu və qol vuruldu. Ard-arda zərbələr alsaq da, komandamız dağılmadı, sona qədər şansımızı saxladıq. Bəlkə də bu il bir çox oyunlarımızda bu çatmırdı. Qol buraxandan sonra ikincisini də buraxmışıq, dağılmışıq. Amma "Zirə" kimi komandadan 10 nəfərlə səfərdə 1 xal almaq bizim üçün uğurdur".
Baş məşqçinin fikrincə, "Şamaxı" bu mövsüm başından yuxarı tullanıb: "Futbolçularımızın oyunu, performansı, çempionata yanaşmaları bizi qane edir. İstəyimiz budur ki, sonadək bu mübarizəni aparsınlar. Rəqibi təbrik edirəm, onlar da 1 xal qazandı. Gələcək oyunlarda uğurlar".
O, Balauya qırmızı vərəqə göstərildikdən sonra əsəbiləşərək, planşeti qırdığı olaydan da danışıb: "Bilirsiniz nəyə əsəbiləşdim? Balau birinci hissədə də bu səhvləri edirdi. Topu qəbul etdikdən sonra çox arxaya oynayırdı. Həmin epizodda biz hücum edə bilərdik. Lakin o, topu arxaya tərəf fırlatdı və rəqibin üzərinə açıq ayaqla getdi. Düzdür, dəymişdi. İndi açıq ayaqla oynamağa dair qaydalar da dəyişilib, baxmaq lazımdır. Amma əsəbiləşməyimin səbəbi irəliyə doğru oynamaq istəyimiz idi. Birinci hissədə də öz tərəfimizə səhv etmişdik və rəqib bizim qapımız qarşısında təhlükə yaratmışdı. Təəssüf! Belə hallar da olur. Əsas üzüntümüz odur ki, gələn tur üçün itkilərimiz çoxdur. Kərim Rossi və Dioqo Balau "Qarabağ"a qarşı oynamayacaq. Danışa-danışa fikirləşirik ki, meydançaya buraxmağa 11 nəfər tapmaq lazımdır".















































































