Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXIX turuna start veriləcək.
Sportnet.az xəbər verir ki, turun ilk günündə 2 görüş baş tutacaq.
Günün birinci görüşü Qubada olacaq. "İmişli" "Sumqayıt"ı qonaq edəcək.
Çempionatın debütantı hazırda 29 xalla 9-cu yerdə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi isə 35 xalla 7-ci pillədədir.
Saat 16:00-da start götürəcək görüşü FİFA referisi Elçin Məsiyev idarə edəcək.
Qonaqlar görüşə bir neçə itki ilə çıxacaq. Belə ki, Nsana Simon zədəsi səbəbilə komandasına kömək edə bilməyəcək. Ağrıları olan Abdul Raşid Mumini və Keffel Ressendenin isə oynayıb-oynamayacağı dəqiq deyil.
Tərəflər indiyədək iki dəfə qarşılaşıb. İlk qarşılaşma "İmişli"nin 1:0 hesabı ilə başa çatsa da, debütant qayda pozuntusuna yol verdiyi üçün texniki məğlubiyyət cəzası ilə üz-üzə qalıb. İkinci görüş isə "kimyaçılar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandaların son 5 oyununa nəzər yetirsək, debütantın 2 qələbəsi, 2 məğlubiyyəti və bir heç-heçəsi var. Meydan sahibləri 2 qələbəsini son 2 matçında qazanıb.
"Sumqayıt"da isə vəziyyət ürəkaçan deyil. Axırıncı oynadığı 5 görüşdə yalnız bir qələbə qazanan "kimyaçılar" digər 4 görüşdə məğlubiyyətə uğrayıb.
İkinci görüş isə Qəbələdə olacaq. Şəhər stadionunun eyniadlı komandası "Araz-Naxçıvan"ı qonaq edəcək.
FİFA referisi Kamal Umudlunun idarə edəcəyi görüş saat 18:30-da start götürəcək.
Meydan sahibləri qarşılaşmaya 2 itki ilə çıxacaq. Adriel Ba Loua cəza səbəbindən, Sambu Sissoko isə zədəsinə görə matçı qaçıracaq.
Naxçıvanlılarda isə Vanderson Melo zədə səbəbilə oyunda iştirak edə bilməyəcək.
19 xalı olan "Qəbələ" 11-cı sırada qərarlaşıb. Naxçıvan təmsilçisi isə 39 xalla 6-cı sırada yer alır.
Komandaların son 5 matçına nəzər yetirsək, meydan sahibləri yalnız bir qələbə qazanıb, 4 dəfə məğlub olub. "Araz-Naxçıvan" isə 2 qələbə və 3 heç-heçəyə imza atıb.
Tərəflərin son 10 duelində "Qəbələ"nin üstünlüyü var.
Onların 5 qələbəsi var. Naxçıvanlıların 3 qalibiyyəti varsa, 2 görüş də sülhlə başa çatıb. Top fərqində qəbələlilər üstündür - 16:11.
Azərbaycan Premyer Liqası
XIX tur
25 aprel (şənbə)
16:00. “İmişli” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Quba OİK stadionu
18:30. “Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Vüqar Həsənli
AVAR: Əkbər Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu
















































































