"Sabah"ın hücumçusu Coy Lens Mikelsin "Zirə"ni 2:1 hesabı ilə çəğlub etdikləri Bizon Azərbaycan Kubokunun final matçından sonra Sportnet.az saytına müsahibəsi:
- Oyun haqda fikirlərinizi bölüşərdiniz…
- Düşünürəm ki, çox maraqlı oyun oldu. Xüsusilə də bizi dəstəkləyən “Sabah” azarkeşləri üçün. Açığı, “Zirə”dən daha artığını gözləyirdim. Onlar əsasən müdafiə olunurdular. İlk zərbələri qol oldu, amma ümumilikdə oyuna çox şey qatmadılar. Final matçında hər iki komandanın hücum futbolu göstərməsini istəyərdim. Amma sonda bunun fərqi yoxdur. Biz qalib gəldik və buna görə çox xoşbəxtəm. Həm də mövsümü “qızıl dubl”la başa vurduq.
- Azərbaycan çempionu oldunuz, ölkə çempionatının bombardirisiniz. Bu mövsümü karyeranızın zirvəsi hesab edirsiniz?
- Bəli, düşünürəm ki, bu, karyeramın ən yaxşı mövsümüdür. Həqiqətən inanılmaz il keçirdim. Baş məşqçi mənə çox kömək etdi. Onun oyun sistemi mənim istədiyim futbolu oynamağa imkan verir. Mən də bunu qollar və məhsuldar ötürmələrlə qarşılığını verirəm. Belə məşqçi və belə komanda ilə çalışdığım üçün xoşbəxtəm. Mövsümün əvvəlində komandanın bu qədər güclü olacağını gözləmirdim. Amma məşqçi müəyyən dəyişikliklər etdi və indi çox yaxşı durumdayıq.
- Çempionlar Liqası ilə bağlı gözləntiləriniz necədir? Potensial rəqibləri araşdırmısınız?
- Açığı, kimlə qarşılaşacağımızı bilmirəm. Amma görəcəyik. Qrup mərhələsinə yüksəlmək üçün hər oyunda qalib gəlməliyik. Ümid edirəm ki, bunu bacaracağıq və sonra bütün Azərbaycan bizi dəstəkləyəcək.
Mikayıl HACIYEV
















































































