Xorxe Jesusun “Əl-Nəsr”dən ayrılacağı iddia olunur.
Sportnet.az xəbər verir ki, portuqaliyalı mütəxəssis mövsümün sonunda Səudiyyə Ərəbistanı klubundakı fəaliyyətini başa vurmaq qərarına gəlib.
Portuqaliya mətbuatından “A Bola”nın məlumatına görə, 71 yaşlı baş məşqçi ayrılıq qərarını artıq klub rəhbərliyinə bildirib. Jesusun Səudiyyə Ərəbistanı karyerasını bitirmək üçün doğru zamanın gəldiyini düşündüyü qeyd olunur.
Təcrübəli çalışdırıcının mövsümü həm Asiya Çempionlar Liqası, həm də Səudiyyə Ərəbistanı çempionluğu ilə başa vurmaq istədiyi vurğulanıb. Lakin bu hədəflərdən sonra onun ərəb futbolundan ayrılmağı planlaşdırdığı bildirilir.
Xorxe Jesus Səudiyyə Ərəbistanı dönəmini tam başa vurduqdan sonra gələcəyi ilə bağlı qərar verəcək. Portuqaliyalı mütəxəssisin may ayının sonunda Lissabonda “Fənərbağça” nümayəndələri ilə görüş keçirəcəyi irəli sürülüb.
“Sarı-lacivərdlilər”in hazırladığı təklifin Jesus üçün olduqca cəlbedici olduğu qeyd edilir. Hətta ona təklif olunan maaşın portuqaliyalı baş məşqçinin karyerasında qazandığı ən yüksək məbləğ ola biləcəyi bildirilir.
Məlumata görə, bu rəqəm Jesusun “Əl-Hilal”da aldığı illik 15 milyon avrodan da yüksək ola bilər.
Qeyd edək ki, Xorxe Jesus daha əvvəl 2022/23 mövsümündə “Fənərbağça”nı çalışdırıb.















































































