Azərbaycan II Liqasında XXVII turun "Ağstafa Gəncləri" - "Şəki Siti" matçında təqribən 70 metrdən qol vurulub.
Sportnet.az-ın məlumatına görə, Ağstafa şəhər stadionunda keçirilmiş görüşdə həmin qola qonaq komandanın kapitanı Saleh Süleymanov imza atıb.
Onun 10-cu dəqiqədə meydançanın özlərinə aid hissəsindən yerinə yetirdiyi cərimə zərbəsindən sonra top birbaşa yerli kollektivin qapısına doğru yönəlib.
"Ağstafa Gəncləri"nin qolkiperi Elgün Əmiraslanovun iki dəfə tutmağa cəhd etdiyi top əlindən düşüb və tora daxil olub.
Oyunu izləyən azsaylı azarkeşlər Əmiraslanovun ünvanına "Qazsanmı ə?", "Özün edirsən" ifadələrini səsləndiriblər.
Bu, hələlik "Şəki Siti"nin oyunda yeganə qoludur. Ehtiyatda oyunçusu olmayan komanda hazırda 1:3 hesabı ilə geridədir.













































































