Hazırda "Neftçi"də çıxış edən Kamerun millisinin sabiq hücumçusu Vensan Abubakar karyerasını Türkiyədə davam etdirə bilər.
Sportnet.az “Africafoot” nəşrinə istinadən xəbər verir ki, Türkiyənin I Liqasına vəsiqə qazanan "Bursaspor" 34 yaşlı futbolçunun durumunu yaxından izləyir.
Klubun mövsümün sonunda "Neftçi" ilə müqaviləsi başa çatacaq təcrübəli forvardla maraqlandığı bildirilir.
Qeyd olunur ki, Bakı təmsilçisi müqavilənin uzadılması variantını aktivləşdirməyi planlaşdırmır. Buna səbəb yeni baş məşqçi Yuri Vernidubun Abubakarı gələcək planlarında görməməsidir.
Kamerunlu hücumçu 2025-ci ilin oktyabrında “Neftçi”yə transfer olunub. Təcrübəli futbolçu qısa müddətdə diqqətçəkən statistika nümayiş etdirib. O, bütün turnirlərdə keçirdiyi 18 oyunda 9 qol vurub, 1 məhsuldar ötürmə edib. Buna baxmayaraq, klub rəhbərliyi hücum xəttini gəncləşdirmək niyyətindədir.
Mövsümün sonunda azad agent statusu alacaq Abubakarın əsas istəyi Avropada qalmaqdır. Bu səbəbdən Türkiyəyə dönüş variantı real görünür. “Bursaspor”un da Superliqaya qayıdış layihəsi çərçivəsində hücum xəttini gücləndirmək istədiyi vurğulanıb.
Qeyd edək ki, karyerası ərzində Portuqaliyanın "Portu", Türkiyənin "Beşiktaş" və Səudiyyə Ərəbistanının "Əl Nəsr" kimi klublarında çıxış etmiş Vensan Abubakar Kamerun millisinin tarixində Samuel Eto'Odan sonra ən məhsuldar ikinci bombardir hesab olunur. “Transfermarkt” portalı onun bazar dəyərini 700 min avro qiymətləndirir.






































































