"Qəbələ” bizlərə yaxşı tanış olan, mübarizliyi ilə seçilən komandadır. Onlarla kubok matçımız ağır keçdi. Yaxşı oynayıb qalib gəlmək üçün əlimizdən gələni etdik”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "Zirə”nin futbolçusu Nicat Qurbanov deyib.
Azərbaycan Kuboku uğrunda "Qəbələ” ilə 1/4 final matçı haqda fikirlərini açıqlayan gənc yarımmüdafiəçi evdə 1:2 hesablı məğlub olduqlarına görə ruhdan düşmədiklərini bildirib: "Əlbəttə, evdə qol buraxmaq istəmirdik. Kubokda səfərdə vurulan qol böyük önəm kəsb etdiyindən, öz meydanımızda top buraxmağmız bizim üçün mənfi hal idi. Bu üzdən müdafiəyə ciddi diqqət yetirərək hesabı saxlamaq və rəqibi əks-hücumlarda yaxalayaraq qol vurmaq istəyirdik. Belə alındı ki, hesabı saxlaya bilmədik. Kubok 2 oyundan ibarət olduğundan, cavab matçına ümidliyik”.
Nicat martın 9-da keçiriləcək Qəbələdəki pyuna ciddi hazırlaşacaqlarını söyləyib: "Bizə lazım olan nəticəni qazanmaq üçün sonadək mübarizə aparacağıq. İnşallah, Qəbələdə qazanmağa çalışacağıq. Futbol 90 dəqiqədən ibarətdir. Şanslarımızı az dəyərləndirmirəm. Biz də kubokda mərhələ adlamaq istəyirik. "Zirə” yeni komanda kimi yüksək yerlər üçün mübarizə aparır”.
Kubokda şansı azalan "Zirə”ni qarşıda çətin səfər oyunları gözləyir. Belə ki, növbəti tur çərçivəsində sabah "Qarabağ”ın meydanında oynayacaq Adil Şükürovun yetirmələri gələn həftə həm kubok, həm də Premyer Liqada "Qəbələ”nin qonağı olacaq. Bunu nəzərə alsaq, çempionatda 2-ci olan və "Qarabağ”la qızıl medallar uğrunda mübarizə aparan "Zirə”nin bütün diqqətini Premyer Liqaya yönətlməsi daha məqsədəuyğun olardı. Ancaq Nicat fərqli düşünür: "Hal-hazırda iki "cəhhə”də düyüşürük. Kubokda da yaxşı nəticə qazanmaq istəyirik. Düzdür, çempionat daha vacibdir. Ancaq hər iki turnirdə döyüşmək fikrimiz var. Buna görə kubokdakı növbəti oyunda "yola verdik” olmayacaq”.
"Qəbələ” ilə matçın son dəqiqələrdində Qurbanovun rəqib müdafiəçi Rafael Santosla mübarizə zamanı yerə yıxılması penaltilərlə bağlı müzakirələrə səbəb oldu. Nicat həmin epizodda ona təmas olduğunu söyləyib: "Mən futbolçuyam, yıxılan oyunçu kimi penalti istəyə bilərəm və qayda pozutusunun olduğunu düşünürəm. Ancaq baş hakim epizodu daha yaxşı gördü. Onun qərarına hörmətlə yanaşırıq”.
Mehman Süleymanov