"Futbolçuya və ya hakimə "meymun" demək acizliyin göstəricidir"
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Sportnet.az-a müsahibəsi
- Tuyqun Nadirov Sportnet.az-a müsahibəsində AFFA Hakimlər Komitəsinin ünvanına ittihamlar səsləndirib. O, "Neftçi" - "Xəzər Lənkəran" matçının baş hakimi Rəhim Həsənovu "meymun" adlandırıb. Bununla bağlı nə deyə bilərsiniz?
- Kiminsə, kiməsə "meymun" deməyinə, açığı, cavab vermək istəmirəm. Tuyqun Nadirov deyir ki, Azərbaycan futbolunda hakimlikdən başqa hər şey düzəldi. Mən onun fikri ilə razıyam. Düzdür, Azərbaycan futbolunda hər şey düzəldi, amma bir Tuyqun Nadirovdan başqa... Onu da düz deyir, bu qədər aciz insandır ki, klubu bu günə salıb. Onun səviyyəsinə düşüb kiməsə "meymun" demək istəmirəm. Belə ifadə işlətmək acizliyin göstəricisidir. "Xəzər Lənkəran" kimi komandanı necə günə salıbsa, heç Mübariz Mənsimov da onu düzəldə bilmir. Azərbaycanda bu qədər azarkeş dəstəyi olan komandanı məhz Tuyqun Nadirov bu günə salıb. Nəsillər dəyişir, futbolçular gəlir-gedir, amma Tuyqun Lənkərandan əl çəkmir. Hamını yola salır, özü qalır. Bəlkə Tuyqun Nadirov gedəndən sonra o klub düzəldi. Yəni, klubun problemləri ilə məşğul olmaq lazımdır. Məhz elə onun apardığı bu bərbad siyasət nəticəsində ali futbol qurumu ilə problemlər yaşanmaqdadır. Mən transfer, borc məsələlərinə toxunmuram. Bu, klubun daxili işidir. "Neftçi", "Qəbələ" tənqid etsəydi, yeri vardı. Axı sən hansı gününə danışırsan?
- Nadirov Azərbaycanın futbol hakimliyində problemlərin olduğunu da bildirir...
- O, hakimlikdəki problemlərdən danışır. Bu gün Avropada sözünü deyən hakimlər yetişdirmişik. Əliyar Ağayev, Rəhim Həsənov, Orxan Məmmədov, Rauf Cabbarov, Ömər Paşayev, Rəvan Həmzəzadə və s. məhz bizim apardığımız siyasət nəticəsində son illər üzə çıxan hakimlərdir. Sən nə ilə məşğul olmusan, klubu nə günə qoymusan? Bunlardan danışsa, lap yaxşı olar. Bu cür danışmaq, nəyisə kiminsə üstünə atmaq olmaz. Bəli, "Xəzər Lənkəran" cavan komandadır və uşaqlar mübarizə aparırlar. Amma səhvlərdən danışanda elə kubokun Lənkəranda keçirilmiş və öz komandasının lehinə verilmiş epizodlardan da danışsın. Yəni, o, belə obyektivdirsə... Durub bu gün hansısa futbolçuya və ya hakimə "meymun" demək acizliyin göstəricidir. Hər halda öz klubunun problemləri ilə məşğul olsun, sonra başqa problemlərdən danışar.
- "Xəzər Lənkəran" Rəhim Həsənovun qərarlarına etiraz edir. Hətta bununla bağlı video da yayılıb...
- Tuyqun Nadirov belə obyektivsdirsə, "Neftçi"nin ilk hissədə penalti istəməsini də qeyd edərdi. Hakimin hər hansı marağı və ya simpatiyası olsaydı, elə o zaman penalti təyin edərdi. Amma qaydalara uyğun olaraq, hakim tamamilə düzgün qərar verdi. Orada penaltidən söhbət gedə bilməzdi. Rəhim Həsənov "meymunluq" etsəydi, həmin epizodda penalti təyin edərdi.
- Penaltidən öncəki epizodda "Xəzər Lənkəran"ın futbolçusuna qarşı kobudluq edilmişdi?
- İkinci penaltidən əvvəlki "qayda pozuntusu"na gəlincə, Tuyqun Nadirovun yadına salmaq istəyirəm ki, hərdən futbol oyunu qaydaları kitabını açıb baxsın. Həmin epizodda çiyin-çiyinə mübarizə nəticəsində "Xəzər Lənkəran"ın oyunçusu ayaqda dura bilmir və yıxılır. Bu da qaydalar çərçivəsindədir. Orada qayda pozuntusundan söhbət gedə bilməz. Penaltini də hamı gördü. Savadsızlıq deməzdim, amma futbolçu ehtiyac olmayan yerdə rəqibə qarşı sürüşmə fəndindən düzgün istifadə etmir. Hər kəs irad bildirir ki, hakimlər tez-tez fit çalıb oynamağa imkan vermir. Dünən Rəhim Həsənov buna imkan verdi və hər xırda epizoda görə oyunu saxlamadı. İmkan verdi ki, futbol oynasınlar. Xüsusən də ikinci hissədə sürətli oyun alındı. Hər toxunuşa, hər xırda foullara fit çalmadı. Görürsünüz, bu da çoxunun xoşuna gəlmədi. Mən də bunu deyirəm ki, biz oynamağa imkan veririk, amma klublar bunu başa düşmür. Deyirlər ki, qayda pozuntusu vardı, vermədi. Əslində heç bir qayda pozuntusu yoxdur. Oyunun baş hakiminin idarəçiliyindən razı qaldım.
- "Neftçi"nin ikinci qolunda oyundankənar vəziyyət var idi?
- Bəli, "Neftçi"nin ikinci qolunda köməkçi hakim səhv edib. Orada oyundankənar vəziyyət vardı. Biz düzü-düz, əyrini-əyri deyirik.
- Demək, yan xətt hakimi Namiq Hüseynov cəzalanacaq...
- Bir şeyi deyim. Bu, birbaşa nəticəli səhv deyil. Həmin futbolçunun özü vursaydı, razıyam. Düzdür, ciddi səhv sayılır və o səhvdən sonra ikinci qol vurulub. Təbii ki, onun qiyməti də aşağıdır. Başqa şeyləri açıqlamaq istəmirəm.