
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, qurumun rəhbəri jurnalistlərin suallarını cavablandırıb.
- Rəhim Həsənov "Xəzər Lənkəran”ın futbolçusu Orxan Səfiyaroğlunun ünvanına təhqiramiz ifadələr işlədib. Bu haqda onunla söhbətiniz oldumu? Ümumiyyətlə, elə bir şey baş veribmi?
- Mən qəti inanmıram ki, belə bir şey olsun və Rəhim Həsənovla söhbətimiz də olmayıb. Hakmlərə hər iclasda deyirik ki, siz meydanda pedaqoqsunuz. Futbolçuya "sən, ey” yox, "siz" deyərək müraciət etməlisiniz. Öz pedaqoji qabiliyyətinizi, mədəniyyətinizi göstərin. Bilirsiniz, komanda uduzanda futbolçu, yaxud klub rəhbəri nəsə bir şey axtarır. Hakim futbolçuya niyə o sözləri deməlidir? Biz artıq öyrəşmişik ki, komanda məğlub olanda nəsə bir şey baş verir.
- Siz deyirsiniz ki, "Neftçi” – "Xəzər Lənkəran” oyununda ikinci qolda ofsayd vardı, ancaq bu, oyunun nəticəsinə təsir göstərməyib. Nəticəyə təsir etməyən səhv necə ola bilər?
- Əvvəla, mən deməmişəm ki, ikinci qol ofsayddan vurulub. İkinci qoldan öncə oyundankənar vəziyyət olub. Bu, hələ nəticəyə təsir edən səhv sayılmır. Nəticəyə təsir edən səhv o sayılır ki, ofsaydda olan futbolçunun özü topu birbaşa qapıdan keçirsin. O, ötürmə edib, bundan sonra Araz Abdullayev hələ bir-iki driblinq edib. Bunun da qarşısını müdafiəçilər ala bilərdilər, ala bilmədilər. İkinci qol ofsayyadan vurulmayıb. Hakim səhv olaraq küncdən zərbə təyin edib. Çünki top "Neftçi”nin hücumçusudan çıxmışdı. Qol birbaşa künc zərbəsindən vurulsaydı, nəticəyə təsir edən səhv sayılardı. Əgər futbolçu topu künc zərbəsindən qaldırırsa, komanda yoldaşı başla və ya ayaqla qol vurursa, bu, nəticəyə təsir edən səhv deyil.
- Ofsayddan sonra qol vurulubsa, bu, nəticəyə təsir edən səhv deyil?
- Mən səni başa salıram, sən yenə dediyini deyirsən.
- Məgər mən dediyim kimi deyil?
- Həmin epizodda hakim ciddi səhvə yol verib, ancaq bu, birbaşa təsir edən səhv deyil.
- Həmin qolun nəticəyə təsiri yox idi?
- Görürsən ki, mən sənə izah elədim, qardaşım. Nəticəyə təsir edən səhv birbaşa qayda pozuntusu nəticəsində vurulan qoldur. İkinci qoldan öncə Aylton ofsayydda idi və yan xətt hakimi bunu qeydə almamaqla ciddi səhv edib.
- Rəhim Həsənov cəzalandırılacaq?
- Xeyr.
- Bəs yan xətt hakimi?
- Bəli, cəzalandırılacaq.
- "Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov az öncə açıqladı ki, hakimlərə ümumilikdə 1 milyon 800 min manat pul ayrılıb. Xaqani Məmmədov bunun hesabatını versin ki, bu pul hara xərcləyib və nəticəsi niyə belə faciəvidir...
- Tuyqun Nadirov getsin bir az savadını artırsın. Həmin məbləğ hakimlərin yox, hakim və hakim-inspektorların bir mövsüm ərzində idarə etdiyi oyunların qonorarıdır.
- Hamısını bir yerdi dedi də, Xaqani müəllim...
- Bu, başqa pul deyil. Onu çox zaman səhv salır. Deyirlər ki, hakimlərə bu qədər pul ayrılıb, təlim-məşq toplanışına getdilər, ancaq belə şeylər oldu. Xeyr, təlim-məşq toplanışına cəmi 40-50 min manat pul ayrılır. O, bunu qarışdırmasın, hələ savadını artırsın.
- İstər çempionatımızda, istərsə də kubokda vacib, gərgin matçlar olur. Belə durumlarda əcnəbi hakimlərin dəvət olunması ilə razısınız?
- Xeyr.
- Niyə?
- Öz hakimlərimiz onlardan geri qalmır. Soz deyə bilərsiniz ki, hakimlərimiz səhv edir. Mənə bir ölkə göstərin ki, orada ciddi, kobud hakim səhvləri olmasın.
- Qazaxıstan çempionatında "Kayrat”ın oyununu, ölkə kubokunun finalını türkiyəli Cüneyt Çakır idarə elədi. Sonra getdi Səudiyyə Ərəbistanında oyunun baş hakimi oldu. Onlar belə bir addım atırsa, biz niyə atmayaq? Yadınızdadırsa, əvvəl bizdə belə praktika olub.
- Qazaxıstanın hakimləri zəifdirsə, biz nə edək? Onlar ona görə dəvət edirlər.
- Tuyqun Nadirov deyil ki, Prenyer Liqada çıxış edən 10 klubdan 9-u əcnəbi hakimin gəlməsinin tərəfdarıdır. Onlar belə tələb etsələr, onda necə?
- Onların belə bir tələblə çıxış etməyə ixtiyarları yoxdur.
- Xahişlə edə bilərlər...
- Təklif edə bilərlər, ona da AFFA baxa bilər. Hesab edirik ki, öz hakimlərimizə hörmət etmək lazımdır. Necə ola bilər ki, hakimlərimiz UEFA-nın bayrağı altında keçirilən yarışlarda yaxşı idarəçilik edirlər, daxili yarışlarda yox?!
- Kimdir ki? Cəmi 3 FİFA dərəcəlimiz var. Ömər Paşayev, İnqilab Məmmədov hakimlikdən bir qədər uzaq insanlardır. İnqilab Məmmədovun dəfələrlə kobud səhvlərini görmüşük...
- Əvvəla, FİFA dərəcəsi deyil, FİFA referisidir. İkincisi, bizim hakimlərimiz geri qalmır, çoxundan da irəlidir. Bunların hər cəhətləri bizim gözümüzüün qabağındadır.
- Bəs niyə hakimləri tez-tez cəzalandırırsınız? Beş oyun Orxan Məmmədov, beş oyun Fariz Yusifov...
- Səhv edir, cəzalandırırırıq.
- Deməli, səhv edirlər.
- Səhv var da, kim deyir ki yoxdur? Səhv var, olub, olacaq da. Siz mənə dünyada bir ölkə göstərin ki, orada hakimlər səhv etməsin? Hər yerdə də cəzalandırırlar.
- Səhv var, ancaq o qədər də yox...
- Kimsə çıxıb deyirsə ki, səhv var, o demək deyil ki, dedikləri düzdür. Mən də gəlin, əksini sübut edim ki, deyənlərin 90 faizi səhvdirlər. Bilirsiniz, bədbəxtçiliyimiz ondadır ki, bu gün klublarımızda maarifləndirmə işləri sıfır səviyyəsindədir, bərbad vəziyyətdədir. Mən nə qədər deyirəm ki, gəlin, oyun qaydaları ilə bağlı elementar seminar keçirək. Yalnız AZAL klubu dəvət eləmişdi. Baxın, nadir hallarda vərəqə alırlar. Çünki artıq bir çox şeylərdən anlayışları var.
- Hakim futbolçunu söyəndə onu qırmızı vərəqə göstərir. Bəs hakim futbolçunu söyəndə ona qırmızı vərəqəni kim verir?
- Söyə bilməz axı. Hakim söysə, cəzalanır.
- Bəs Rəhim Həsənov Orxan Səəfiyaroğluna deyir ki, "get qoduq"...
- Mən belə şeyə inanmıram.
- Siz inanmırsınız, ancaq futbolçu belə şeyin olduğunu deyir...
- Futbolçu çox şey deyə bilər. Futbolçu uduzub, nə deməlidir?
- Futbolçu boş yerə niyə desin axı. Hər halda, Rəhim Həsənovun dediyi də Quran ayəsi deyil...
- "Qarabağ”la kubok oyunundan sonra "Sumqayıt”ın prezidenti deyir ki, mən baş məşqçimizə inanıram, o, heç vaxt söyüş söyə bilməz. Mən də dedim ki, hakimə inanıram, o yalan deməz. Nə oldu? Səhərisi gün baş məşqçi çıxıb dedi ki, söymüşəm, yaxşı eləmişəm.
- Samir Abasovu tanıyırıq, onun xarakterinə bələdik.
- Bəs niyə yalan deyir?
- Guya Kamran Quliyev yalan danışmır ki?
- Görürsünüz, bu, o demək deyil, klublar həmişə düz danışırlar. Mən də bunu deyirəm. Orxan Məmmədovun atasını söyüb, neyləməlidir? Gəlib yalvarırlar ki, protokolda yazmasınlar.
- Sırf söyüş məsələsinəə görə Rəhim Həsənovla danışmısınız?
- Təbii ki, biz oyunu təhlil edirik. Mənə deyəndə, cavab verdim ki, inanmıram, soruşaram Rəhimdən.
- Ancaq soruşmamısınız...
- Yox. Çünki inanmıram belə şeylərə.
- Bəs inamınız nəyədir?
- Necə yəni nəyə?
- Nə deyirik, əksini deyirsiniz...
- Niyə əksini deyirəm? Səhv olanda deyirəm ki, səhvdir.
- "Neftçi”nin "Xəzər Lənkəran”a vurduğu ilk qoldan öncə qayda pozuntusu vardı?
- Heç bir qayda pozuntusu yox idi. Siz həmişə şikayətlənirsiniz ki, hakim tez-tez fit çalır, futbolçulara oynamağa imkan vermirlər, oyunun tempini aşağı salırlar. Mən həmişə deyirdim ki, komandalar buna hazır deyil. Rəhim Həsənov heç bir xırda fola fit vermədi, imkan verdi oynamağa. Gördünüz ki necə sürətli oyun alındı. Konkret, həmin epizodda çiyin-çiyinə mübarizə gedir. "Neftçi”nin futbolçusu daha cüssəlidir, "Xəəzr Lənkəran”ın futbolçusu isə arıqdır, ayaq üstə dura bilmir, yıxılır. O da topu görür, aparır irəli. Niyə qayda pozuntusu olmalıdır ki?
- Bəs penalti epizodu? Videotəkrara dəfələrlə baxanda görünür ki, "Xəəzr Lənkəran”ın futbolçusu Ruslan Qurbanovu yıxmır...
- Niyə ki? Sürüşmə fəndini düzgün yerinə yetirməyib. Bu, penaltidir.
- Belə xəbərlər yayılıb ki, Orxan Məmmədov ilin sonunda FİFA referiliyindən geri çağırılacaq. Bu, nə dərəcədə düzgün məlumatdır?
- Bu, yalnız mövsümün sonunda müəyyən olunacaq. O boş söhbətlərdir ki, Orxan Məmmədov gedir, Ömər Paşayev gəlir.
- Deyirlər ki, siz Ömər Paşayevi istəyirsiniz, ancaq bəziləri Rauf Cabbarovu...
- Mən istəmirəm, hakimlərin nəticələr bunu göstərir. Mənim istəyimlə deyil ki... Mövsümün sonunda aparılan təhlillərdən sonra qərar verilir. Hazırda heç bir söhbət yoxdur.
- Bu qədər tənqid, təhqir olur. Hərdən düşünmürsünüz ki, bəlkə postundan gedim? Bezmirsiniz? Bu qədər tənqidə, təhqirə necə dözürsünüz?
- Tənqid, təhqir edən insanları özləri buna layiqdir. Sağlam tənqidi qəbul edirəm Təhqir edən insanın səviyyəsi odur. Məsələn, Tuyqun Nadirov hakimə "meymun" dedi. Bu, zəifliyin, acizliyin göstəricisidir.
- Əliyar Ağayevin "Barselona”nın oyununda aldığı bal müəyən olunub?
- Hələ yox. Yəqin ki, bu gün məlum olar. Çünki adətən iki gün sonra göndərilir.
- Yüksək qiymət gözləyirsiniz?
- Əliyarın idarəçiliyinə baxdım, çox xoşuma gəldi. Özünə də dedim ki, meydanda sanki uçursan, ancaq burada hərdən epizodlardan uzaq alırsan.
- FİFA referilərimiz xarici oyunları daha yaxşı idarə edir, ancaq Azərbaycan çempionatında yox.
- Burda daha rahat olurlar, təzyiq hiss etmirlər. İkincisi də məsuliyyət başqadır. "Mənim gələcək təyinatım bu oyundan asılıdır" deyə düşünürlər.
- Son illərdən fərqli olaraq hakimlərimiz təlim-məşq toplanışını ölkə daxilində keçdilər. Bunun təsiri oldumu?
- Təbii ki, var. Biri var gedib Avropanın səviyyəli komandalarının oyunlarını iadrə edirsən, orda da hakimin səhvi üzə çıxır, bunun üzərində işləyirsən.
- Biri də var ki, "CBC Sport kuboku”nun oyunlarını...
- Təbii. Turniri heç də aşağılamaq istəmirəm. Ancaq hər halda, orda iştirak edən komandaların səviyyəsi Antalyaya gələnlər qədər deyil də.
- Sizinlə bağlı məlum videoda deyirsiniz ki, bizə 15 dənə verirlər. Bunu deyəndə nəyi nəzərdə tuturdunuz?
- Mən sizə deyəcəyəm, inanmayacaqsınız. Mənə bu sözü kim deyib? Yan xətt hakimi. O qışqırdı. Mən də deyirəm ki, belə-belə. Oyundan sonra Ramiz Əsədovdan soruşdum ki, nə demək istəyirdin? Nə desə yaxşıdır: "Zarafat edirdim". Dedim ki, sənin zarafatların üstündə mən zibilə düşdüm.
- Amma Əsədov zarafat söhbətini demədi...
- Mənə dediyini deyirəm.
- Bizə dedi ki, mənə AFFA-dan bu barədə danışmağa qadağa qoyublar...
- Bilmirəm, o, inspektordur. Hakim deyil ki, qadağa qoyurlar. Onun bizə, Hakimlər Komitəsinə aidiyyatı yoxdur. O, Hakim-İnspektorlar Komitəsinin üzvüdür.
- Daha belə zarafatlar yoxdur ki?
- Yox. Ola da bilməz (gülür).