"Neftçi"nin sabiq baş məşqçisi Əsgər Abdullayevin Sportnet.az-a müsahibəsi
- "Turan Tovuz"la müqavilə bağlamağınız barədə xəbərlər yayılıb. I divizion klubunda çalışmağa etiraz etmirsiniz?
- Xeyr, əleyhinə deyiləm. Amma hər halda tam dəqiqləşməyib.
- Artıq "Neftçi"də olmamağınız dəqiqdir. O zaman klubun Müşahidə Şurasının da üzvü deyilsiniz?
- Bütün məsələlərə bu gün aydınlıq gələcək.
- Ola bilər ki, "Turan Tovuz"da işləyə-işləyə "Neftçi"nin də Müşahidə Şurasının üzvü olasınız...
- Əvvəlcədən heç nə deyə bilmərəm. "Ola bilər" də deyə bilmərəm. Hər halda bugünkü görüşdən sonra bütün məsələlər həllini tapacaq.
- Mümkündürsə, ətraflı məlumat verərdiniz. "Neftçi"dən getməyinizə səbəb nə oldu?
- Bu barədə danışmaq istəmirəm. Yəni ki, mən öz-özümə fikirləşdim və qərar verdim...
- Heç bir mövzuda danışmaq istəmirsiniz. Onda özünüz nə haqda istəyirsinizsə, o barədə də danışın...
- Xeyr, məni düzgün başa düşün. Bu gün görüşəcəyəm və siz deyən suallara aydınlıq gələcək. Bilsəm, danışardım, amma bilmirəm.
- Bu gün sizin təyinatınızla bağlı məsələyə aydınlıq gələcək. Ancaq sizdən "Neftçi"dən istefa vermə səbəbini soruşuruq...
- Bu barədə danışsaydım, açıqlama verərdim. Ancaq danışmıram. Başqa sualınız varsa, buyurun...
- İlk 4 turda 3 qələbə və bir heç-heçəniz vardı. Həmin vaxt Çingiz Abdullayev baş məşqçi axtardıqlarını bildirdi. Bu açıqlama sizə necə təsir etmişdi?
- Yenə deyirəm, bu barədə danışmaq istəmirəm. Başqa sualınız var?
- Başqa sual budur ki, özünüz nə haqda danışmaq istəyirsiniz?
- Nə danışım? Sualın hansına cavab verib-verməyəcəyim mənlikdir. Yenə deyirəm ki, bu haqda danışmaq istəmirəm.
- Onda sizə nədən sual verək?
- Gəlin belə edək. Məsələlər dəqiqləşməmiş danışmaq istəmirəm.
- Aydındır. Amma sizin "Neftçi"dən danışmağınızın "Turan Tovuz"la müqavilə imzalamağınıza heç bir aidiyyatı yoxdur...
- Mən dedim ki, heç kimlə müqavilə imzalamamışam. Siz hər şeyi qabaqlayırsınız. İndi də evdəyəm. Müqavilənin bağlanmasını isə sizdən eşidirəm.
- "Turan Tovuz"un qarşısına böyük hədəflər qoyulub. Yeni mövsümdən Premyer Liqada çıxış etmək kimi...
- Çıxış etsələr, çox yaxşı olar. Hamımız bilirik ki, Tovuzun yetirmələri bir çox klublarda forma geyinir. Yəni, bu gün "Turan Tovuz"un çıxışı heç də pis olmaz. Belə bir ideya varsa, çox ağıllı fikirdir.
- Özünüz də iddialı məşqçisiniz. Hər halda hədəfləri olmayan komandaya getməzsiniz...
- Yenə deyirəm ki, bu fikir doğrudan da xoşagələndir. Hər halda əksər iddialı klublarda Tovuzun yetirmələri oynayır. "Neftçi"də, "Qarabağ"da bu futbolçulara rast gəlmək olar. Ona görə də belə olsa, yaxşıdır.
- Yəqin ki, "Neftçi"nin həm ölkə kuboku, həm də Premyer Liqada son - "Xəzər Lənkəran" və AZAL-la oyunlarını izlədiniz? Ümumiyyətlə bu komandanın gələcəyi ilə bağlı nə fikirdəsiniz?
- "Neftçi"nin keçmiş futbolçusu, bir müddət baş məşqçisi olaraq komandaya uğurlar arzu edirəm. "Neftçi"nin işində uğurlar arzulayıram və bir tək bunu deyə bilərəm.
- Oyunu bəyəndiniz? Yəni, hansısa dəyişiklik hiss etdiniz?
- Nə deyə bilərəm... Məncə, "Neftçi"nin öz oyun üslubu var və bununla da davam edirlər.
- Məsələn, az şans verdiyiniz Elşən Abdullayev artıq start heyətində meydana çıxır...
- Hər şeyi Allahla danışmaq lazımdır. Elşən perspektivli, start heyətində meydana çıxmağa layiq futbolçudur. Mənim vaxtımda da həmişə oynayıb. Sadəcə, oynamadığı vaxtlarda zədəli olub. Elşən həmişə meydanda olub. Onun böyük gələcəyi var. Bu cür söhbət düzgün deyil.
- Hər halda ona görə də tənqid olunurdunuz..
- Mənim fikrim hər bir kəsə aydın olacaqsa, o, fikir deyil. 14-cü turda "Qarabağ"la (1:0) oyunda komanda naminə belə bir gediş lazım idi və etdim (Elşən Abdullayev 55-ci dəqiqədə Cavid İmamverdiyevin əvəzinə meydana daxil olub və 90+1-ci dəqiqədə Məhəmməd Qurbanovla əvəzlənib - red.). Heç vaxt futbolçularla rəqabət aparmamışam və belə fikrim olmayıb. Ona hörmətim var: həm özünə, həm davranışına. Gələcəyi də var. Heç vaxt kiminləsə rəqabət aparmaq fikrim də olmayıb.
- Dünən iki keçmiş komandanız - AZAL və "Neftçi" qarşılaşdı. Oyunu izlədiniz?
- Baş məşqçi hər bir komandada işləyə bilər. Bir çoxları işləyə bilər. Məşqçinin işi budur. Ona görə hər bir keçmiş komandama uğurlar arzu edirəm.
- "Turan Tovuz"u seçməyinizdə Gürcüstana yaxınlığı rol oynamadı?
- (gülür) Başqa sözünüz var?
- Hər halda qohumlarınız var və gedib-gəlmək yaxındır...
- Mənim ailə üzvlərimin 90 faizi, hətta bundan da çoxu Gürcüstanda yaşayır. Köküm ordandı, valideynlərim, qardaş-bacılarım, hamısı ordadır. Burada az qismi var. Hələ gedim çıxım ora, danışılsın-qutarsın, sonra...