"Kəpəz”in müdafiəçisi Şəhriyar Rəhimovun Sportnet.az-a müsahibəsi
- İlk olaraq "Neftçi”yə qalib gəldiyiniz oyunu dəyərləndirərdin...
- Qələbəmizin ədaləti olduğunu deyərdim. Düzdür, oyuna pis başladıq. Ancaq sonradan vəziyyəti xeyrimizə dəyişdik və nəticədə ilk hissədə üstünlük bizim tərəfdə oldu. Sadəcə, ikinci hissədə müdafiəyə daha çox diqqət yetirdik və bu üzdən "Neftçi”yə qol şansları verdik. Ancaq 2:2-dən sonra axırıncı dəqiqələrdə qələbə topunu vura bildik.
- Hesab bərabərləşəndən sonra düşünmədinmi ki, "Neftçi” təzyiqi artıraraq qələbə topunu da vura bilər? Hər halda, "Kəpəz”in oyununda dağınıqlıq hiss olunurdu...
- Düzdür, psixoloji üstünlük "Neftçi”nin tərəfində idi. Çünki iki qol vuraraq hesabı bərabərləşdirə bilmişdilər. Bununla belə, biz öz qol şansımızı gözləyirdik. Yenə də inamımız vardı ki, qalib gələ bilərik.
- Qapınıza təyin olunan penalti haqda nə deyərdin?
- Mən oyunda olanda diqqət yetirə bilmirəm. Ancaq gördüyüm qədərilə deyəsən, Şəhriyar Əliyev rəqibin futbolçusunu əllə tutmuşdu. Videotəkrara baxandan sonra dəqiq fikir söyləmək olar.
- Vurduğun qol baxımlı alındı, topu akrobatik şəkildə qapıya göndərdin. "Neftçi” etiraz edirdi ki, oyundankənar vəziyyət vardı...
- Bu, "Kəpəz”də artıq 4-cü qolumdur. Həmin epizodda top bizim futbolçuya dəymədi, rəqibin oyunçusunun başından gəldi. Ona görə ofsayd yox idi. Komandamızda kimin qol vurmağı doğrudan da vacib deyildi. Biz bilirdik ki, "Kəpəz” uzun müddətdir "Neftçi”yə qalib gələ bilmir. Bu sindromu artıq qırmaq lazım idi. Axır ki, 3:2 hesabı ilə qalib gələrək buna nail olduq.
- Deməli, oyundan qabaq bilirdiniz ki, "Kəpəz” "Neftçi”yə 11 ildir qalib gəlmir...
- Bəli, saytlardan oxumuşduq. Bunun mənim üçün bir motivasiya olduğunu demək olar. Səhv eləmirsə, komandamız sonuncu dəfə "Neftçi”yə Şahin Diniyevin vaxtında - 2005-ci ildə qalib gəlmişdi.
- Belə demək olarmı ki, "Kəpəz” bu qələbə ilə avrokuboklara layiq olduğunu, bunun uğrunda ciddi mübarizə apardığını göstərdi?
- Biz göstərdik ki, yaxşı komanadayıq. Kim Avropa Liqasına getmək istəməz ki? Əlimizdən gələni edəcəyik ki, son turadək avrokubok həyəcanını saxlayaq və ora vəsiqə qazanaq.
- "Kəpəz”in böyük büdcəsi yoxdur. Komandanın bu yerə gəlib çıxması nəyin göstəricisidir?
- Ola bilər ki, büdcəmiz başqa klublara baxanda aşağıdır. Amma elə klublar da var ki, onlardan artıqdır. Məncə, bu vəziyyətə gəlib çıxmağımızda komandadakı mehribançılığın böyük rolu var.
- Belə bir xəbər da var ki, maaşlarınızda gecikmələr var...
- Ciddi gecikmə yoxdur. Sadəcə, bu ay 5 gün gecikmə oldu. Onu da aradan qaldırdılar. Pul maaş kartımıza "otuzduruldu”. Klubumuzda bu ayı çıxmaq şəritlə bir gün də maaş gecikməsi olmamışdı.
- İki "cəhbə”də oynayan klubların çətinlik çəkdiyi görünür. Belə demək olarmı ki, ölkə kubokunda "Xəzər Lənkəran”a məğlubiyyət "Kəpəz"ə bütün gücünü çempionata yönəltməsi baxımından müsbət təsir etdi?
- Mən deməzdim ki, həmin kubok matçında bilə-bilə uduzduq. Ola bilər ki, heyətdə hansısa rotasiya oldu. Ancaq qəsdən uduzmaqdan söhbət gedə bilməz. Hamı istəyər ki, kubokda da çıxış etsin. Ancaq bizim 19-20 futbolçumuz var. Üstəlik, zədəlilərimiz, cəzalılarımız da olur. Bunu nəzərə alsaq, bizim bir cəhbədə axıradək getməyimiz daha məqsədəuyğundur.
- "Kəpəz”in Avropa Liqasına vəsiqə qazanması nə dərəcədə realdır?
- Mən demirəm ki, biz respublikanın ən yaxşı komandalarından biriyik. Baxımlı futbol oynayırıq. Məncə, ən azı 4-cü yerə layiq komandayıq. İmkan olsa, əlbəttə, mükafatlar uğrunda da oynayarıq.
- Növbəti turda çempionluğa oynayan "Zirə” ilə üz-üzə gələcəksiniz. Bu komanda ilə ilk 2 dövrədə 1:1 və 2:2 hesablı bərabərliyə qalmısınız. Bu dəfə sindromu qırıb qalib gələ biləcəksiniz?
- Bunu zaman göstərəcək. Əsas hücumçularımızdan olan Julian Ebah 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşdü. Bu, bizim üçün böyük itkidir. Ebah önəmli futbolçumuzdur. Dario Frederiko zədələnəndə də hamı deyirdi ki, "Kəpəz” öz oyununu göstərə bilməyəcək. Ancaq uğurlu çıxışımız davam edir və sabitliyi qorumağa çalışacağıq.
- Klubların çoxu narazılıq edir ki, Gəncədən xalla qayıda bilməmələrinin əsas səbəbi ot örtüyünün pis vəziyyətdə olmasıdır. Ancaq "Kəpəz” də həmin qazonda oynayır. Rəqiblərinizə yaxşı mənada nə cavab verərdin?
- Düzünü deyim ki, heç kəsə cavab vermək istəmirəm. Hərənin öz fikrinə hörmətlə yanaşıram. Ancaq reallıq budur ki, biz Bakıda məşq edib Gəncədə oynayırıq. Rəqiblər oyundan bir gün əvvəl Gəncəyə gəlib məşqə çıxır. Biz də həmin şəraitdə oluruq. Bütün həftəni orda məşq edib hazırlaşsaq, bu, bizim üçün üstünlük olar. Qazonumuzu normal vəziyyətdə saxlamaq üçün Bakıda məşq edirik. Məncə, oyunda şərait hər iki komanda üçün eynidir. Gəncədə yeganə üstünlüyümüzü azarkeşlərimizdir.