Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) UEFA prezidenti Mişel Platini ilə bağlı qərarını mayın 9-da açıqlayacaq. Sportnet.az-ın məlumatına görə, fransalı funksioner CAS-a martın əvvəllərində apellyasiya verib.
Daha öncə FİFA Etika Komitəsinin Platini üzərindən korrupsiya ittihamlarını götürdüyü açıqlanıb.
İsveçrənin Federal Ədliyyə Bürosu 2015-ci il sentyabrın 25-də FİFA-nın ovaxtkı prezidenti Yozef Blatterin 2001-ci ildə M.Platininin hesabına 2 milyon İsveçrə frankı məbləğində qeyri-qanuni köçürmə etməsi şübhəsi ilə iş açıb. Ötən il dekabrın 21-də hər iki şəxs ali futbol qurumun Etika Komitəsi tərəfindən 8 il müddətinə kənarlaşdırılıb. Təşkilatın Apellyasiya Komitəsi fevralın 24-də funksionerlərə qarşı sanksiyaları yüngülləşdirib və cəzanı 6 ilə endirib.
Məhz kənarlaşdırılması səbəbindən Platini fevralın 26-da keçirilmiş FİFA prezidenti seçkisində iştirak edə bilməyib. Qalib adını UEFA-nın isveçrəli keçmiş baş katibi Canni İnfantino qazanıb.
Hər iki şəxs CAS-a müraciət edib. Platininin işi ilə bağlı dinləmələr bu gün olub.