Mişel Platini bu ilin sentyabrınadək UEFA prezidenti postunda olacaq. Sportnet.az-ın məlumatına görə, bu haqda qitə futbol qurumunda baş katib vəzifəsini icra edən Teodor Teodoridis keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, UEFA-ya yeni prezident seçilməyənədək Platini prezident sayılacaq: "Platini onu yeni prezident əvəzləməyənədək prezident qalacaq. O, UEFA-dan getməyib. Buna görə də qurumun saytında bu vəzifədə qaldığı göstərilib".
UEFA-ya prezident seçkiləri bu il sentyabrın 15-16-da qurumun Yunanıstanın paytaxtı Afinadakı konqresində olacaq. Bu posta 3 namizədin olduğu bildirilir. Bunlar Holalndiya, İspaniya və Sloveniya futbol qurumlarının rəhbərləri - müvafiq olaraq Mixael van Praq, Anxel Mariya Vilyar və Aleksandr Seferindir.
Qeyd edək ki, Mişel Platini 2007-ci ildən UEFA-ya rəhbərlik edirdi. O, 2015-ci ilin sonunda nəinki qurumdan, ümumiyyətlə, 8 illik futboldan kənarlaşdırlıb və cərimələnib. Buna səbəb fransalı funksionerin FİFA prezidenti Yozef Blaterdən qanunsuz 2 milyon İsveçrə frankı almasıdır. Sonradan UEFA-nın Apellyasiya Komitəsi Platininin cəzasını 6, Bernəlxalq İdman Arbutraj Məhkəməsi (CAS) isə 4 illiyə azaldıb.