"Xəzər Lənkəran"ın fəxri prezidenti, "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov İngiltərənin paytaxtı Londonda "Çelsi"nin sahibi Roman Abramoviçlə görüşüb. Sportnet.az-ın məlumatına görə, görüşdə Türkiyənin "Beşiktaş" klubunun prezidenti Fikrət Orman da iştirak edib.
Orman "Sabah"a açıqlamasında bildirib ki, əsas müzakirə mövzusu azarkeş sayını artırmaqdan ibarət olub: "Mən 20-25 milyon azarkeşimiz var, çox özəl tərəfdara sahibik" dedim. Abramoviç isə "Bizim 500 milyon azarkeşimiz var" söylədi. Bundan təəccübləndim. Buna necə nail olduqlarını soruşdum. O bildirdi ki, İndoneziyada "Çelsi" azarkeş kredit kartı layihəsini tətbiq ediblər. Nəticədə 30 milyon tərəfdar əldə ediblər. Dünya klubuna çevrilmək üçün uğurlu nəticələrlə yanaşı, maddi irəliləyiş də əldə etmək lazımdır. İndoneziya müsəlman ölkəsidir. Malayziya, Misir, Bosniya və Herseqovina, Albaniya... Bunlar bizim üçün hədəf ölkələr olmalıdır. Çin böyük bazardır. Orada milyonlarla türk yaşayır. İranda da həmçinin. Azərbaycan çox önəmli ölkədir. "Beşiktaş" sevgisini oralara daşımaq üçün layihələr həyata keçirəcəyik. Ola bilsin, o ölkələrdə matç keçirəcək, təlim-məşq toplanışına gedəcək, xüsusi tədbirlər təşkil edəcəyik".
Qeyd edək ki, "Xəzər Lənkəran"ın əsas komandası Mübariz Mənsimovun qərarına əsasən, Azərbaycan çempionatında çıxışını dayandırıb.