AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynovun Sportnet.az-a müsahibəsi...
- Bugünküiclasda hansı məsələlər müzakirə olundu?
- Düzü ayyarım idi ki, yığışmırdıq. Gündəlikdə 3 məsələ vardı. Ən vacib məsələlərdən biri legioner rüsumu idi. Vaxtımızın 80 faizini də buna sərf etdik. İkinci məsələ ötən mövsümün yekunları ilə bağlı idi. Həmçinin digər məsələlər vardı. "Kəpəz" klubunun təklifləri vardı. Müzakirə etdik və onlar növbəti iclasa qaldı. Ötən mövsümün yekunlarına qayıdaraq "Qarabağ"ı çempionluq və kubokun qalibi olması münasibətilə təbrik edirik. Onlara ən azı bu il və ya gələn il çempionlar Liqasının qrupuna düşməyi arzu edirik. "Neftçi", "Kəpəz" və "QəbəlƏ"yə Avropa Liqasının qrupunu arzu edirik. Yenə də qayıdıram rüsum məsələsinə. Artıq 4-cü dəfədir ki, bu, müzakirə olunur. Elə vəziyyətə gəlib çıxıb ki, bizim bu tövsiyəmiz İcraiyyə Komitəsində qəbul olunmurdu. Sonuncu dəfə bu məsələnin üstündə durmaq şərtilə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi də iclasa dəvət etdik. Bütün klublarla artıq dərəcədə xahiş etdik ki, iyunun 13-də İK-nın iclasında bu məsələ qaldırılsın və həyata keçsin. Əlbəttə, legioner rüsumunun azaldılmasını istəyirik. Demirik ki, tam yığışdırılsın. Bu gün bütün klublara çətindir. çempionatımızda 8 komanda qalıb və Azərbaycan futbolu çətin vəziyyətə düşüb. Avropada 4 ölkə var ki, onlardan biri də Azərbaycan ola bilər. Ayın 13-də qərar qəbul olunmasa, çempionatı 8 komanda ilə keçirən 4-cü ölkə olacağıq. Mənə elə gəlir ki, bu, bir az nüfuz və imic baxımından yaxşı hal deyil. Sonda elə qərara gəldik ki, legioner rüsumunun azaldılması gerçəkləşməlidir. Ramin Musayev dedi ki, hamısını İK-da yoluna qoyub müzakirə edəcəyik və mənə elə gəlir ki, bu, həyata keçəcək.
- Yenə də rəqəm 5000 manatdır?
- Rəqəm 5000-dir. Bütün legionerlər üçün bu qiymətdir.
- Düşünmürsünüz ki, 20 min manatdan 5000 manata endirmək istədiyiniz üçün razılıq əldə olunmur?
- Bu, bütün klubların tövsiyəsi, xahişidir. Bu gün klubdan asılı olmayaraq, hamısının vəziyyəti pis demək olmaz, amma zəifləyib. "Qarabağ", "Qəbələ", "Neftçi"də daha çox legioner var və bu məsələ mütləq həyata keçməlidir. Klublar və sponsorlar üçün bu gün ağırdır. 3- 5 il bundan əvvəl bu məsələləri heç qaldırmırdıq. Ancaq bu gün maliyyə baxımından bir az zəifləmişik.
- "Rəvan" və "Xəzər Lənkəran" rəsmiləri niyə dəvət olunmuşdu? Artıq onlar Premyer Liqada deyillər...
- Mənə elə gəlir ki, bu onlar üçün Klublar Komitəsində sonuncu iclas idi. Onlarla sağollaşdıq. Bu iclasa mütləq dəvət olunmalı idilər. çünki ən azı etik baxımdan düz deyil. Onları da eşitdik, müzakirə etdik. Biz bir ailə kimi qurulmuşuq. Yeni mövsümdən onlar komitədə olmayacaq.
- Müsahibələrinizin birində azarkeş və polis arasında olan məsələlər də iclasda müzakirə olunacaq...
- Bu məsələyə toxunduq. Hamının fikrini anladım. Bütün klublar bu məsələ ilə bağlı işləməlidir. Hər klub rəsmi şəkildə AFFA-ya müraciət edəcək və federasiya bu müraciətləri toplayıb qərarını verəcək.
- AZAL-ın büdcəsində dəyişiklik var?
- Klub prezidenti bu gün axşam Bakıya gəlir. Ya sabah, ya da birinci gün bütün işlərimiz və büdcə məlum olacaq. Buraya hazırlıq planları, transferlər də daxildir.
-Artım gözlənilir?
- Mənə elə gəlir ki, gözlənilir.
- "CBC Sport" klubların pullarını tam ödəyib?
- Bizim legioner rüsumuna görə borclarımız vardı. Onlar bu ilki yox, 2-3 əvvəlki borclar idi. Axırda kimin borcu 70 min manatdan çox idisə, AFFA və PFL-ə rəsmi məktub göndərdi. Pulun silinməsi ilə bağlı 70 min manat PFL-in hesabına köçürülüb. Mənə elə gəlir ki, kanal "Rəvan"ın pulunu köçürüb.