"Şəxsi işlərimlə əlaqədar Avropa çempionatının bütün oyunlarını izləməyə vaxt tapa bilməsəm də, bir sıra matçlara baxmışam. Mənə də elə gəlir ki, bu final mərhələsi maraqsız olmayacaq". Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Ceyhun Sultanov deyib. Onun sözlərinə görə, ilk turu sona yaxınlaşmaqda olan AVRO-2016-da zəif komanda görsənmir: "Heç bir yığma zəif deyil. Hər komandada nəsə görürsən. Əvvəl favorit bilinirdi. Ancaq məncə, indi favorit bilinmir. Azarkeşlik etdiyim yığma Türkiyə, favorit saydığım isə İspaniyadır".
Sultanov son dəfə Avropa çempionu olandan sonra istənilən səviyyədə olmayan İspaniya yığmasını hesabdan silməyi düzgün saymır: "Mən heç vaxt İspaniya yığmasını hesabdan silməyəcəyəm. Bütün çempionatlatda onları silmək qeyri-mümkündür. Mən heç vaxt bunu etmərəm. "Barselona"ya da azarkeşlik edirəm. Onu hər bir komandadan üstün sayıram. Yığma səviyyəsində də favoritim ispanlardır. Türkiyə yığması isə özümüzünkülərdir. Onların qrupda ağır oyunları var. İnanıram ki, Türkiyə hələ öz sözünü deyəcək".
Xatırladaq ki, eyni qrupda yer alana İspaniya ilə Türkiyə yığmaları 2-ci turda görüşəcəklər. İspanlar bu gün Çexiyanı 1:0 hesabı ilə çətinliklə məğlub ediblərsə, türklər dünən bu hesabla Xorvatiyaya uduzub.