İspaniya milli komandasının sabiq futbolçusu Xavi Ernandes yığmasının AVRO-2016-nın 1/8 final mərhələsində İtaliya yığması ilə qarşıdakı oyunu ilə bağlı maraqlı açıqlama verib. Sportnet.az-ın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi "Skuadra Adzurra"nı özləri üçün arzuolunmaz rəqib sayır.
Xavi hətta italyanlardan çəkindiklərini gizlətməyib: "Biz həmişə İtaliyadan qorxmuşuq. Hərçənd, son matçlarda onu məğlub etmişik. İtaliya yığması "Atletiko" və "Barselona"nın oyun üslubunu özündə cəmləşdirir. İtaliya kimi Çili və Hollandiya da son dünya çempionatında bizə qarşı 3-5-2 taktiki sxemi ilə oynayırdı və biz fiaskoya uğradıq".
Təcrübəli futbolçu hesab edir ki, İtaliya və İspaniyanın rəqib olmaqla bəxti gətirməyib: "Axı onlar çox tez mərhələdə üzləşəcəklər. Bu matç yarımfinalda və ya finalda ola bilərdi. Fikrimcə, oyun maraqlı olacaq. İspaniya topla daha çox davranacaq. Bu yığmalar arasında fərq ondadır ki, ispanlar topsuz oynaya bilmirlər. İtalyanlarda isə fərqlidir. Onlar futbol meydanında döyüşməyə öyrəşiblər".
Qeyd edək ki, İspaniyanın heyətində 2 dəfə Avropa, 1 dəfə dünya çempionu olan Xavi AVRO-2012-də İtaliyaya finalda 4:0 hesabı ilə qalib gəldikləri finalda iştirak edib.