"İnter"in sabiq baş məşqçisi Kaxaber Tsxadadze Qazaxıstan futbolunun tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, bu, 48 yaşlı gürcü mütəxəssisin hazırda rəhbərlik etdiyi "Kayrat"la avrokuboklarda qazandığı qələbədir.
Almatı təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsindən Albaniyanın "Teuta" klubunu 5:0 hesabı ilə məğlub etdiyi oyun Qazaxıstan klublarının avrokuboklarda ən böyükhesablı qələbəsi olub. Qazaxların daha öncəki darmadağınları 2 dəfə 4:0 hesabı ilə olub. Bunlar 2009-cu ildə "Aktobe"nin Çempionlar Liqasında səfərdə "Hafnarfyordur"u (İslandiya), 2014-cü ildə "Şaxtyor"un "Şirak"ı (Ermənistan) məğlub etdiyi matçlardır.
Qeyd edək ki, Tsxadadze "İnter"in baş məşqçisi olduğu 6 ildə bir dəfə Azərbaycan çempionu olub. Azərbaycan klublarının avrokuboklarda ən böyük hesablı qələbəsi də onun vaxtında əldə olunub. "İnter" 2012-ci il iyulun 5-də Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə Estoniyanın "Trans" komandasını 5:0 hesabı ilə məğlub edib.