"Evdə 2:0 hesablı qələbə yaxşı nəticədir. Ancaq mübarizə hələ bitməyib. Bizi qarşıda çətin səfər sınağı gözləyir".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın hücumçusu Mahir Mədətov Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubuna evdə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bildirib. O, komandasının 2-ci hissədə də qol vurmaq istədiyini söyləyib: "Biz 2:0-la kifayətlənməyib hesab arasında fərqi artırmaq istəyirdik. İkinci qoldan sonra da hücumlarımızı davam etdirdik. Topa nəzarət yenə bizdə idi. Ancaq elə alındı ki, 3-cü qolu vura bilmədik".
Mədətov Çempionlar Liqasında debüt matçının ilk hissədində buraxdığı real qol şansına toxunub: "Həmin epizodda zərbəmdən sonra top qapı dirəyinə dəydi. Tez qərar verməli idim. Mən yalnız topun qapıya düşməsi haqda fikirləşirdim. Ancaq təəssüf ki, qol istəyimə çata bilmədim".
Onun sözlərinə görə, Lüksembuqrdakı cavab matçının necə keçəcəyini indidən təxmin etmək çətindir: "Rəqibdən də çox şey asılıdır. "Düdelanj" uduzsa da, çox intizamlı oyanyır, öz oyununu göstərməyə çalışırdı. Qarşıdakı cavab görüşü bütün suallara aydınlıq gətirəcək. Rəqibi kiçiltmək olmaz. Bunu etsək, ziyanını görə bilərik. Biz "Düdelanj"a ciddi yanaşırıq və ona səfərdə də qalib gəlməyə çalışacağıq".
Qeyd edək ki, "Düdelanj" - "Qarabağ" matçı iyulun 20-də keçiriləcək.