"Neftçi" futbol klubu Makedoniyada və yaxınlığındakı ölkələrdə yaşayan azərbaycanlılara müraciət edib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciət Avropa Liqasında II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Skopyedə keçiriləcək "Şkendiya" - "Neftçi" matçı ilə əlaqədar ünvanlanıb.
"Hər matçda olduğu kimi, bu oyunda da komandamızın azarkeş dəstəyinə ehtiyacı var. Bu səbəbdən Makedoniyada və ona yaxın ölkələrdə yaşayan həmvətənlərimizi "Şkendiya” – "Neftçi” matçına dəvət edirik. Oyuna gələcək azarkeşlər "Neftçi” tərəfindən biletlə təmin olunacaqlar" deyə bildirilir.
Qeyd edək ki, iyulun 21-də "Filip II Makedonski” stadionunda keçiriləcək "Şkendiya” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.