Azərbaycan UEFA-nın reytinqində xal ehtiyatını artırıb. Sportnet.az-ın məlumatına görə, bu, Avropa Liqasının II təsnifat mərhələsində Macarıstanın MTK klubunu evdə də məğlub edən (2:0) "Qəbələ" sayəsində mümkün olub. Nəticədə ölkəmiz bu qələbə sayəsində hesabına 0.250 xal yazıb. Makedoniyanın "Şkendiya" klubuna səfərdə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran "Neftçi" isə xal yazdıra bilməyib.
Hazırda Azərbaycan 15.375 xalla 24-cü pillədə qərarlaşıb. Bizdən 1 pillə irəlidə - 23-cü yerdə olan Şotlandiya klubları ötən gecə 1 qələbə, 1 heç-heçə sayəsində hesablarına 0.375 xal yazıblar ki, bu da fərqi artırıb. İndi britaniyalıların hesabında 16.300 xal var. 
Ən yaxın izləyicimiz Kiprin təmsilçiləri idə qazandıqları 2 qələbə ilə aktivlərinə 0.500 xal yazıblar. Nəticədə Azərbaycanla xal fərqini azaldan bu ölkə 15.175 xala malikdir. 









                 





    
    
    
    
    
    
    
    
    


























































