Avropa Liqasının qrup mərhələsində Azərbaycan klublarının II tur matçlarına təyinat alan hər iki referi müxtəlif vaxtlarda "Qarabağ"ın oyunlarını idarə edib.
Sportnet.az-ın məlumatına görə, İtaliya "Fiorentina"sı ilə oyunda iş başında olacaq astriyalı Oliver Draxta ötən il qrup mərhələsində "Qarabağ" - "Anderlext" (Belçika) oyununda iş başında olub.
Ötən il oktyabrın 1-də keçirilmiş həmin görüşdə Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Avstriyalı referi Avropa Liqasının 2010/2011 mövsümünün II təsnifat mərhələsində "Qarabağ"ın "Portadaun" (Şimali İrlandiya) ilə səfər matçını da idarə edib. Həmin görüşdə də Ağdam komandası qələbə qazanıb - 2:1.
"Qarabağ"ın oyunlarında rəqib futbolçular sarı vərəqə alıbsa, 2010-cu il iyunun 2-də Azərbaycan və Honduras yığmaları arasında baş tutmuş yoldaşlıq görüşünün 73-cü dəqiqəsində Draxta kobud hərəkətə görə Saşa Yunisoğluya birbaşa qırmızı vərəqə göstərib. Bu görüşdə qalib müəyyənləşməyib - 0:0.
Almaniya "Maynts"ı və "Qəbələ" komandaları arasında Bakıda keçiriləcək görüşü idarə edəcək litvalı Gediminas Majeyka da azərbaycanlı futbolsevərlər üçün yad sima deyil. O, Avropa Liqasında ötən mövsümün "pley-off" mərhələsində Bakıda baş tutmuş "Qarabağ" - "Yanq Boyz" (İsveç) matçının baş hakimi olub. Bu görüşdə Qurban Qurbanovun rəhbərlik etdiyi komanda rəqib qapısından 3 cavabsız top keçirib.
38 yaşlı referi AVRO-2009-un seçmə mərhələsində 21 yaşadək futbolçulardan ibarət Albaniya və Azərbaycan yığmalarının oyununda ədalət təmsilçisi olub. 8 il öncə sentyabrın 9-da keçirilmiş oyunda qalib müəyyənləşməyib. Majeyka 2007-ci il yanvarın 21-də Qırğızıstan "Dordoy"u ilə "Bakı" arasında baş tutmuş oyunda da baş hakim funksiyasını yerinə yetirib. Qrup mərhələsindəki oyunda paytaxtın eyniadlı komandası 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Qarabağ"ın səfər, "Qəbələ"nin isə ev oyunları sentyabrın 29-da keçiriləcək.