Sabah Azərbaycan Premyer Liqasında X tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, turun açılışı mərkəzi oyunla olacaq. "Qəbələ" - "Neftçi" görüşü liderlə autsayderin qarşıdurması olsa da, bu, yalnız turnir cədvəli baxımından belədir. Hər halda, bu komandaların duelləri az maraq kəsb etmir.
"Qəbələ" ilə "Neftçi" arasında 10 ildir keçirilən matçlarda tarixi nəticə məhz hazırkı çempionatda qeydə alınıb. Bu, "Əlincə Arena"da baş tutan oyunda Roman Qriqorçukun komandasının 8:0 hesablı qələbəsi olub. Nəticədə "qırmızı-qaralar" tarixində ən böyükhesablı qələbəsinə imza atıb. "Ağ-qaralar" isə milli çempionatımız tarixində ən ağır məğlubiyyətini alıb. "Qəbələ" çempionatda son 2 oyunda heç-heçələri sıralaması nəticəsində 4 xal itirib. Nəticədə ən yaxın izləyicisi "Qarabağ" onunla xal fərqini 2-ə endirib. İndi "Qəbələ" autsayderi məğlub etməklə bir müddətlik fasilədən sonra qələbə qazanmaq imkanına malikdir. "Neftçi" isə nə qədər çətin günlərini yaşasa da, rəqibindən revanş almağa çalışacaq.
"Qarabağ" da bu tur ilk dövrədə darmadağın etdiyi autsayderlə görüşəcək. Ancaq fərq ondadır ki, Ağdam klubu AZAL-ın qonağı olacaq. Son pillənin sahibi olan "təyyarəçilər" artıq öz meydanında məğlubedilməz deyil. Tərlan Əhmədovun yetirmələri hələ də qələbə üzünə həsrət qalan yeganə komanda olaraq qalır.
Bazar günkü matçların hər ikisi paytaxtda olacaq. "Zirə" ilk dövrədə məğlub olduğu "Kəpəz"i qonaq edəcək. Hər iki komanda 11 xalla turnir cədvəlində qonşudur. Adil Şükürovun yetirmələri Gəncə təmsilçisinə hələ də qalib gəlməyib. Zirədəki qarşılaşmaların isə 2:2 hesabı ilə nəticələnməsi diqqət çəkir.
Tura "İnter Arena"da yekun vuracaq matçda turnir cədvəlində fərqli mövqelərdə qərarlaşan komandalar üzləşəcək. "İnter" ilk dövrədə "Sumqayıt"ı məğlub etməyi bacarıb. Ancaq "bankirlər"in 2014-cü ildən bu yana "gənclik şəhəri"nin təmsilçisini evdə yenə bilməməyini də nəzərə almaq lazımdır.
29 oktyabr
15:00. "Qəbələ" - "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ. Şəhər stadionu
İlk dövrədəki oyun - 8:0
17:00. AZAL - "Qarabağ"
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "AZAL Arena" stadionu
İlk dövrədəki oyun - 0:6
30 oktyabr
14:00. "Zirə" - "Kəpəz"
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Vüsal Qənbərov, Cavanşir Yusifov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
Zirə. İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun - 0:2
16:00. "İnter" - "Sumqayıt"
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
Bakı. "İnter Arena" stadionu
İlk dövrədəki oyun - 2:1